ÇOXLU (həddən artıq çox) Meşədə çoxlu heyvan və quş var idi (S.S.Axundov); AĞILLI-BAŞLI [Tarverdi:] Görüm o birisi sandıqda nə var. Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var (M.F.Axundzadə); DƏRYA QƏDƏR Dərya qədər dərdim var; Ona dərmanmı yetər? (Ə.Cavad); BİR KİTAB Mürşüd: İnci, axı mən evdə sənə bir kitab söz danışdım (M.Rahim); BİR YIĞIN Cavan oğlan birinci otaqda əyləşib, qabağındakı bir yığın kağızları birbəbir oxuyur, dəftərə yazırdı (Ə.Haqverdiyev); BOL Taxıl yaxşı bitmişdi, bol məhsul gözlənilir (M.İbrahimov); BOLLU Əvvəl – bir, sonra – iki, sonra – üç... onların kirayə xərci ilə bollu pul qazandığını deyirdilər (M.İbrahimov); BOLLUCA Bizim də bolluca ağcamız olar; Qapımız, bağımız, bağçamız olar (S.Vurğun); ÇOXLUCA Məmmədhəsən əmi: Xudayar bəy əmin eşşəyi aparacaq şəhərə, orada ona çoxluca arpa verəcək (C.Məmmədquluzadə).