Elçin Əfəndiyev
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018).
Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…"
Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib.
1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur.
1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir.
1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.