Elçin Xəlilov
Elçin Nüsrət oğlu Xəlilov (26 aprel 1959, Bakı) — geofizik.
== Həyat və fəaliyyəti ==
26 aprel 1959-cu ildə anadan olub. Atası Nüsrət Xəlilov Azərbaycan alimi, neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, professor, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür..
Anası, Rəna Hüseyn qızı Xəlilova, Azərbaycan Pedaqoji Universitetində tibbi biliklər üzrə müəllim işləmişdir. Babası, professor Hüseyn bəy Ağabəyov Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif edilib, ginekologiya sahəsində alim-professor idi, Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsində çalışıb.
Ulu babası — görkəmli şərqşünas alim, professor Sadıq bəy Ağabəyzadə, XX əsrin əvvəllərində general-mayor rütbəsi ilə Çar ordusunda xidmət etmişdir.
1918–1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində, bir neçə ay ərzində Daxili İşlər Nazirinin birinci müavini vəzifəsində çalışıb, həmçinin Müdafiə Nazirinin müvəqqəti səlahiyyətlərini icra edən şəxs olub.
1981-ci ildə M. Əzizbəyov adına Azneftkimya institutunu qurtarıb. 1981-ci ildən 1989-cu ilə qədər Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub Bölməsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən "İNTERGEO-TETİS" Beynəlxalq elmi-texniki kompleksin prezidentidir.