Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti.
== Zəmin ==
Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.
Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır.