Nizami Məmmədov (jurnalist)
Məmmədov Nizami Şamil oğlu (21 mart 1933, Bakı – 20 aprel 1974, Bakı) — Radio və televiziya diktoru, səs tembrinə görə Azərbaycanın "Levitanı" adlandırılırdı. Jurnalist, filologiya elmləri namizədi.
Məmmədov Nizami Şamil oğlu 1933-cü ilin mart ayının 21-də Bakıda dövlət qulluqçusu ailəsində anadan olmuşdur. İstedadlı jurnalist, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin diktoru, SSRİ Jurnalistlər İttifaqının üzvü (1960), filologiya elmləri namizədi (1974). S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şö’bəsini (1956) və Bakı Ali Partiya Məktəbini (1971) bitirmişdir. 1951-ci ildən Azərbaycan radiosunda diktor işləməyə başlamış, 1958-ci ildən xarici ölkələrə radio yayımı redaksiyasında böyük redaktor vəzifəsində çalışmış, 1968-ci ildə Azərbaycan televiziyasında diktor tə’yin edilmişdir. O, Böyük Vətən müharibəsinə həsr olun: muş bədii və sənədli filmlərdə məşhur diktor, SSRİ xalq artisti, Ümumittifaq radiosunun diktoru Yuri Borisoviç Levitanı (1914-1983) dublyaj etmişdir. Çox çəkmədən respublikada bir diktor kimi məşhurlaşan Nizami Məmmədovu “Azərbaycanın Levitam” adlandırmışlar.
Nizami Məmmədov Azərbaycan radiosunda Gənclər üçün Verilişlər Redaksiyasında (1962-1964), Cənubi Azərbaycan redaksiyasında böyük redaktor işləmiş, televiziyaya yenidən diktor vəzifəsinə qayıtmış, 1971-ci ildən ömrünün sonunadək “Gənclik” redaksiyasının baş redaktoru vəzifəsində çalışmışdır.
İste’dadlı jurnalist işlədiyi dövr ərzində “Tələbə klubu”, “Nəsillərə nümunə”, “Hünər”, “İlham”, “Sabahın ustaları”, “Məş’əl” silsilə verilişlərinin və “Zaqatala qızıl gülü” televiziya filminin ssenari müəllifi olmuşdur.