Kontratenor
Kontratenor (latın dilindən contratenor tenora qarşı olan səs mənasını verir) ən yüksək tessituraya malik kişi səsidir. Diapazonu E3 — G5 (kiçik oktavanın mi səsindən ikinci oktavanın sol səsinə qədər intervalı əhatə edir). Bəzən daha yüksək diapazona malik ifaçılara da rast gəlinir. Kontratenor səs tembri qadın kontralto və ya metso-sopranosunun ekvivalenti kimi qəbul edilir. Kontratenorlar ifa xüsusiyyətlərinə görə soprano və alt səs çalarına malik ifaçılar olaraq qruplaşdırılır. Soprano səs çalarlı kontratenorlar sopranist adlanırlar. Onların səsinin tessiturası isə yüksəkdir və C6 (üçüncü oktavanın do səsi) səsini əhatə edir. Müasir dövrdə kontratenorlar əsasən tenor və bariton səs tembrinə malik ifaçılardırlar.
Ən yüksək səs malik kişi ifaçılıq sənəti qədim köklərə, zəngin ənənələrə malikdir. Bu baxımdan kontratenor kişi səsləri arasında ən qədim səs növü olaraq qəbul edilir.