Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991).
Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.
Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.
Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib.
Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.