Nərgiz Əliyeva
Nərgiz Əliyeva — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri
Nərgiz Ağasəlim qızı Əliyeva 25 noyabr 1952-ci ildə Bakı şəhərində doğulmuşdur.
Orta məktəbi 1969-cu ildə bitirmiş, həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuşdur.
1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Nərgiz Əliyeva AMEA Azərbaycan Tarix İnstitutunun böyük laborantından Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər yüksəlmişdir. N. Əliyeva Muzeyin elmi ekspozisiyasının qurulmasında, muzey işlərinin planlaşdırılması və elmi hesabatların yazılmasında, elektron gidlərin və monitor tədqimatların hazırlanmasında, muzey materiallarının pasportlaşdırma və inventarlaşdırılmasının proqramlaşdırılması layihəsində, konfransların təşkilində və muzeyin elmi nəşrlərinin redaktəsində yaxından iştirak etmişdir. O, Muzeyin elmi nəşri olan toplusunun redaksiya heyətinin üzvüdür. N. Əliyeva 1996-cı ildən tarix elmləri namizədi, 2012-ci ildən tarix üzrə elmlər doktorudur.
Nərgiz Əliyeva 12 monoqrafiya, kitab, kitab-albom və 200-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycanda və xaricdə (London, Moskva, Sankt-Peterburq, Milan, Mahaçqala, Tbilisi, Dəməşq, Karşi, Luqanski, Almatı, Astana, Konya, Bolu, Samsun, Ufa, Qazan, Varşava, Dehli, Bişkek, Daşkənd,Vitebsk və s.) elmi əsərlər dərc etdirməklə yanaşı 50-yə yaxın simpozium və konfranslarda da maraqlı məruzələrlə çıxışlar etmişdir. Onun 22–26 fevral 2009-cu ildə Dəməşq Universitetində keçirilən beynəlxalq elmi konfransda "Orta əsrlərdə Azərbaycan və Suriya alimlərinin birgə elmi fəaliyyəti" mövzusundakı ərəb dilindəki məruzəsi böyük maraqla qarşılanmışdır. Bu münasibətlə ona konfransın rəyasət heyəti tərəfindən Milli Elmlər Akademiyasına ünvanlanmış təşəkkür diplomu göndərilmişdir.