Saxta Dionisius Areopagit
Saxta Dionísius Areopagít (yunanca Διονύσιος ὁ Ἀρεοπαγίτης) - Korpus Areopagitikum (latınca Corpus Areopagiticum) adlı xristian ehkamları mövzusuna aid olan dörd risalə və on məktubun bilinməyən yazarıdır. O əsərlərini xristian kilsəsində müqəddəs sayılan Dionisius Areopagitin (96-cı ildə öldürülmüşdür) adı ilə imzalayırdı. Ona görə ona "yalançı" demişdirlər.533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə məclis keçirilmişdir. Lakin orada mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius Areopagitin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə "Korpus Areopagitikum" adlandırırlar. Bu risalələrin adları:
"De divinis nominibus" (İlahi adlar haqqında);
"De mystica theologia" (Mistik ilahiyyat haqqında);
"De coelesti hierarchia" (Göylərdə iyerarxiya haqqında);
"De ecclesiastica hierarchia" (Kilsə iyerarxiyası haqqında).Dionisius Areopagitin adı isə Əhdi-Cədiddə çəkilir (Həvarilərin işləri 17: 34). Orada deyilir ki, o Paulusun (Pavelin) tələbəsi olub. Rəvayətlərə görə Dionisius Areopagit I yüzillikdə Afina şəhərinin yepiskopu olmuşdur. Başqa rəvayətə görə, Paris yepiskopu olmuşdur.Yalançı Dionisiusun bu dörd risaləsində kilsə xadimlərinə çox əlverişli məqamların olduğuna görə, onlar tədricən təkcə monofizitlərin deyil, həm də rəsmi kilsə xadimləri tərəfindən qəbul edilmiş və onların üzərində böyük bir ənənə yaranmışdır.