Sevgi
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir.
Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.