E.ə. VII əsrin sonlarında Afina tənəzzül və iqtisadi böhran dövrünü yaşayırdı. Ticarətin rolu getdikcə artır, kənd təsərrüfatı isə mövqelərini itirirdi. Tacirlər varlanır, kəndlilər müflisləşərək borca girirdilər. Qanunlara görə isə onlara heç nə ilə kömək etmək mümkün deyildi. Üstəlik borclarını qaytara bilməyənləri hətta qula çevirə bilərdilər.
Kəndlilərin narazılığı artır, onlar qiyam qaldırmağa başlayırdılar. Bu vəziyyət hakimiyyətdəkiləri narahat etməyə bilməzdi və onlar güzəştə getmək kimi müdrik bir addım atdılar.
E.ə. 594-cü ildə yüksək zümrənin Solon adlı ağıllı və uzaqgörən nümayəndəsi Afinaya başçılıq etməyə başlayır. O, ilk növbədə bütün borcları bağışlayır və bununla da insanlara hər şeyi sıfırdan başlamaq üçün imkan yaradır. Bundan başqa, Solon insanların qula çevrilməsinə qadağa qoyur və bütün qulları azad edir. Afinadan kənara qul kimi satılanlar isə dövlət hesabına geri qaytarılırlar.
Afina sakinləri əksəriyyət etibarilə Solonun etdiklərini ruh yüksəkliyi ilə qarşılasalar da, bəzi mühafizəkarlar bunun əleyhinə çıxdılar. Amma nəticədə Solonun ideyaları üstün gəldi. Onun sayəsində Afina demokratiya yoluna qədəm qoydu. (Ayzek Azimov. Sözlərin tarixi)