Vəcihə Zöhrabova
Vəcihə Ramazan qızı Zöhrabova — Azərbaycanlı alim, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent.
== Həyatı ==
Vəcihə Ramazan qızı Zöhrabova – 20 may 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur.
O, 1960-cı ildə "qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmiş və Geologiya İnstitutunda işləməyə başlamışdır.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktorudur, elmi rütbəsi dosentdir.
== Fəaliyyəti ==
Vəcihə Zöhrabovanın elmi fəaliyyəti qeyri-filiz faydalı qazıntıların litologiyası və mineralogiyasının öyrənilməsi ilə bağlıdır. O, 1989-cu ildə "Şamaxı-Qobustan bölgəsinin eosen bentonit təzahürlərinin əmələ gəlmə şəraiti və maddi tərkibi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Şixandağ yatağını kəşf və tədqiq etmişdir. Əmbizlər, Qabandağ, Ağdərə, Yunusdağ-Ağburun, Kemçi və s. qələvili bentonit təzahürlərini aşkar etmişdir.
Vəcihə Zöhrabova 1973-1978-ci illərdə "Qeyri-metallik faydalı qazıntıların geologiyası və mineralogiyası" laboratoriyasının əməkdaşları ilə birlikdə Tovuz və Qazax rayonları ərazisində yerləşən seolitləşmiş tuflar (Aydağ və Yuxarı Öksürlü yataqları), bentonit gilləri (Daşsalahlı və Qaymaqlı yataqları) və kaolinləşmiş süxurların (Kotandağ və Kəmərli yataqları) tədqiqatı ilə məşğul olmuşdur.