Ayaz Vəfalı
Ayaz Rza oğlu Cəfərov — şair, tənqidçi, ədəbiyyatşünas, 1967-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1972), Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Azərbaycanın Əməkdar incəsənət xadimi (2007).
== Həyatı ==
Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Astraxanbazar (indiki Cəlilabad) rayonunun Sabirabad kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1954–1959). Əmək fəaliyyətinə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında başlamışdır: burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olmuşdur (1960–1976). "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışmışdır. 1996–2014-cü illərdə "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur.
Ayaz Vəfalı bədii yaradıcılığa "Lenin tərbiyəsi uğrunda" çoxtirajlı universitet qəzetində çıxan ilk şeirləri ilə başlamışdır. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasını bitirmiş və "Füzuli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
O, müxtəlif illərdə işıq üzü görən "İllər və nəsillər", "Ürək və od", "Turacın mahnısı", "Bəlkə onda öyrənmişik", "Özü oda yana-yana" şeirlər kitabının, "Füzuli öyrədir", "Sənətkar və xalq", "Füzuli xəlqiliyi" elmi-tədqiqat əsərlərinin müəllifidir. Ayaz Vəfalı həmçinin böyük özbək şairi Əlişir Nəvainin "Leyli və Məcnun", Ukrayna ədəbiyyatının klassiki T. Q. Şevçenkonun "Kor qadın" poemalarını, rus yazıçısı A. Çakovskinin "Qələbə" siyasi romanını (I cild), dünya xalqlarının atalar sözü və məsəllərindən ibarət "Atalar sözü-ağlın gözü" kitabını və daha bir çox xalqların poeziyasından ayrı-ayrı nümunələri Azərbaycan dilinə tərcümə etmişdir.