Şətəl qalası

Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala, Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. BərdəGəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır.

Şətəl qalası
Ölkə  Azərbaycan
Şəhər Goranboy rayonu
Yerləşir Rəhimli
Aidiyyatı Bəndər üsyanı
Tikilmə tarixi III – V əsrlər
Üslubu Arran memarlıq məktəbi
Material kərpic
İstinad nöm.4264
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şətəl qalası (Azərbaycan)
Şətəl qalası

Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır. Şadlıq, xoş əhvali-ruhiyyə anlamını daşıyır. Bu sözün ən qədim fonetik oxşarına eramızdan 3 min il əvvəl mövcud olmuş Elam dilində təsadüf edilir. Qədim Elamda dini ocaqlardan, səcdəgahlardan biri Şati adlanmışdır. Digər bir variantda isə Şətəl adını bu yerə ərəblərin nadinc, tabe olmayan mənasında verdikləri söylənilir. Şəhərin müxtəlif mənbələrdə Şatal, Şatar, Ştur adlandırılması isə sadəcə olaraq müəlliflərin səhvidir.

Şəhər ərazisində A.Məmmədovun başçılığı ilə 1988-ci ilin dekabr ayında arxeoloji qazıntılar aparılmışdır. Tədqiqat zamanı V-VIII əsrlərə aid edilən mədəni təbəqənin qalınlığı 1 metrdən 1,5 metrə qədər olduğu müəyyənləşdirilmişdir. Tapılan materiallar əsasən sümüklərdən və şirsiz saxsı məmulatından ibarətdir. IX-XII əsrlərə aid edilən təbəqənin qalınlığı 1,7-2 metr olub. Qazıntı zamanı divar qalıqları da aşkar edilmişdir. Divarların bünövrəsi çay daşından, divarlar özləri isə əhəng daşı və bişmiş kərpicdən hörülüb. Otaqların divarına üzlük çəkilib, döşəmələri şirlənib. İkinci təbəqədən saxsı bardaq, duzqabı, çıraq, sərnic, kasa və s. bu kimi saxsı məmulatı, dəmirdən düzəldilmiş bıçaq, dəryaz, mismar, mis üzük, daşdan hazırlanmış kirkirə və s. tapılıb.

Şəhərin giriş qapısının qalanın Şimal-Şərq tərəfində yerləşdiyi və eninin 3,5 metr olduğu qazıntı zamanı müəyyən edilmişdi. Şətəl şəhər qəbristanlığında olan qəbirlərin (uz.2,15, en.0,55 metr) kənarları kərpiclə hörülmüşdür. Ölülər isə Qərbdən Şərqə doğru dəfn edilib.

1231-ci ildə Gəncədə Xarəzmşahlar dövlətinin məmurlarına qarşı Usta Bəndərin başçılığı altında üsyan başlayır. Akademik Ziya Bünyadov göstərir ki, Xarəzmşah Cəlaləddin katibi Ən-Nəcəvini Usta Bəndərlə danışığa göndərir və bu danışıqlar Şətəl şəhərində keçirilir.