Çingizqala — Azərbaycanın Zaqatala rayonunun Car kəndi ərazisində qala, tarix-memarlıq abidəsi. Xarici görünüşü ilə unudulmaz sərtlik təəssüratı yaradan bu cür qüllələr onları yaratmış cəmiyyətin sərt yaşayış tərzini əks etdirir. Abidə düz yol kənarında inşa edilmişdir. Qala ətrafındakı ərazi müdafiə divarları ilə əhatə olunsa da, həmin divarların çox az hissəsi dövrümüzə çatmışdır. Lakin, müdafiə divarlarınən qalıqları Çingizqalanın tək dayanan qüllə yox, yaxşı möhkəmləndirilmiş geniş ərazili qala olduğunu göstərir.
Çingizqala | |
---|---|
41°40′21″ şm. e. 46°41′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Zaqatala |
Yerləşir | Car kəndi |
Tikilmə tarixi | XVI əsr |
Material | daş |
İstinad nöm. | 5221 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Qala divarlarının qərb küncü yol ayrıcına baxır. Divarların qismən dövrümüzə çatmış şimal-qərb hissəsi yol boyunca uzanır. Ehtimal ki, divarın yuxarı hissəsində dövrümüzə çatmamış mazqallar mövcud olmuşdur.
Qüllə qalanın dövrümüzə ən yaxşı çatmış hissəsidir. Təəssüf ki, XX əsr boyunca qüllə və yanındakı evin məskunlaşmış olması onun memarlıq xüsusiyyətlərinin təhrik edilməsi və bəzi hissələrinin dağıdılmasına gətirib çıxarmışdır.
Car-Balakən camaatlığına xas olan sosial-siyasi mühit və ərazidə baş verən çoxsaylı hərbi fəaliyyət sözsüz ki, özünü bölgənin həm mülki, həm də ictimai memarlığında əks etdirməli idi.[1] Bu ərazidə Qafqazın qonşu əraziləri kimi yaşayış binaları və müdafiə qüllələrinin qəsrvari tikili formasında birləşdirilməsi tez-tez müşahidə olunur.[1] Bu cür tikililər adətən bir ailə və ya nəsilin müdafiəsi üçün nəzərdə tutulur. Lakin, belə tikililərin dövrümüzə çatmış ən qədim nümunələri bir yox, bir neçə nəsil üçün tikilmişdir ki, bu da özünü həmin tikililərin ölçüsündə büruzə verir.[1]
Camaat sisteminin tənəzzülü və cəmiyyətin üst təbəqələrinin feodallaşması ilə yeni növlü müdafiə tikililəri də meydana çıxır; başlanğıcda bu tək dayanan müdafiə qüllələri olsa da, sonradan onlar həm də möhkəm qala divraları ilə əhatə edilirlər.[1] Bu cür tikililərin sonrakı inkişaf mərhələsi qla divarları ilə əhatə edilmiş mülklərin yaranmasına gətirib çıxarır.[2]
Təəssüf ki, bu cür tikililərin bir çoxu xüsusilə camaatlığın mövcudluğunun son illərində aparılmış hərbi əməliyyatlar zamanı dağıdıldığına görə dövrümüzə çatmamışdır. Anonim müəllif tərəfindən yazılmış “XVIII əsrdə Car müharibələrinin salnaməsi” əsərində çoxlu sayda dağıdılmış yaşayış yerləri və qalaların adları sadalanır.[3]
Xarici görünüşü ilə möhkəmlik və davamlılıq təəssüratı yaradan bu cür qüllələr onları yaratmış cəmiyyətin sərt yaşayış tərzini əks etdirir. İndi də yarıdağılmış vəziyyəti ilə meşənin dərinliklərində qəfil yüksələn bu cür qüllələr əhalinin səksəkəli günlərinin xatirəsi kimi dağıdıcı müharibələrin gündəlik həyat tərzinə çevrildiyi Car-Balakən camaatlığının tarixini əks etdirir.[4] Sahədə işləyən, bağda olan və ya sürü otaran insanlar daima hücuma hazır vəziyyətdə olur və təhlükə hiss etdikləri an bu cür qüllələrə sığınırdılar.[4]
Müdafiə qüllələri adətən ətraf mühiti müşahidə eləməyə imkan verən və təbbi müdafiə imkanlarına malik olan yüksəkliklərdə inşa edilsə də, yaşayış yerlərinə aparan yolların kənarları, yaşayış yerlərinin girişləri və yaşayış yerinin müdafiəsi üçün inşa edilmiş qüllələrə də rast gəlinir.[4] Çingizqala da məhz bu tip qüllələr qrupuna aid edilir.[4]
Çingizqala abidəsi düz yol kənarında inşa edilmişdir. Qala ətrafındakı ərazi müdafiə divarları ilə əhatə olunsa da, həmin divarların çox az hissəsi dövrümüzə çatmışdır. Lakin, müdafiə divarlarınən qalıqları Çingizqalanın tək dayanan qüllə yox, yaxşı möhkəmləndirilmiş geniş ərazili qala olduğunu göstərir.[4] Ərazidə qüllə və qala divarlarından başqa, ehtimal ki, sonrakı dövrdə inşa edilmiş yaşayış binası – ev də vardır.[4] Ola bilsin ki, bu ev daha qədim bir evin yerində inşa edilmişdir.[4] Qüllə yaxınlığında başqa hər hansı bir tikili qalığı aşkar edilməmişdir.[4]
Qala divarlarının qərb küncü yol ayrıcına baxır. Divarların qismən dövrümüzə çatmış şimal-qərb hissəsi yol boyunca uzanır. Ehtimal ki, divarın yuxarı hissəsində dövrümüzə çatmamış mazqallar mövcud olmuşdur.[5]
Qüllə qalanın dövrümüzə ən yaxşı çatmış hissəsidir. Təəssüf ki, XX əsr boyunca qüllə və yanındakı evin məskunlaşmış olması onun memarlıq xüsusiyyətlərinin təhrik edilməsi və bəzi hissələrinin dağıdılmasına gətirib çıxarmışdır.[5] Qüllənin tac hissəsi tamamilə sökülmüş, yalnız möhkəm daş kronşteynlər saxlanmışdır. Qüllədə yeni qapı yeri açılmış, üçüncü yarusda isə iki pəncərə yeri yaradılmışdır.[5]
Abidənin dövrümüzə çatmış köhnə fotosuna əsasən müəyyən edilmişdir ki, ilkin variantda tikili beş mərtəbəli olmuş, xarici ölçüləri isə tərəfləri 5.70 x 5.60 metrə bərabər olan kvadrat formasındadır. Qüllənin birinci mərtəbəsi yer səviyyəsindən 2 metr yeksəklikdə yerləşir. Qüllənin şimal-qərb divarında qapı yeri (1.0 x 1.6 m) vardır. Qapı yer səviyyəsindən 2 metr yüksəklikdə yerləşir və gözlənilməz ziyarətçilər üçün əlçatmazdır.[5] Qapının sağ yuxarı tərəfindən güclü şəkildə aşağı baxan mazqal vardır. Bu divarda olan və bir qədər yuxarıda yerləşən ikinci mazqal da birinci kimi, qapının müdafiəsinə istiqamətlənmişdir. Şimal-şərq və cənub-şərq divarlarının hər birində daha iki mazqal vardır. Qərb küncünü qoruyan iki mazqaldan biri demək olar ki, küncdə yerləşir.[5] Mazqalların hər biri döşəmə səviyyəsindən 1 v. 1.80 m hündürlükdə yerləşir.[5]
İkinci mərtəbədə mazqallar demək olar ki, fasadlara perpendikulyar istiqamətləndirilmiş və qalaya qalxan yamacların müşahidəsinə hesablanmışdır. Qüllənin cənub-şərq və şimal-qərb divarlarının hər birinci üç mazqal, digər iki divarda isə iki mazqal vardır.[5] Mazqallar döşəmə səviyyəsindən 1.30 – 1.40 metr hündürlükdə yerləşdirilmişdir. Cənub-qərb divarında kiçik pəncərə yeri vardır.[5]
Çingizqalanın üçüncü mərtəbəsində digər mərtəbələrlə müqayisədə daha çox mazqal vardır. Üçüncü mərtəbənin şimal-şərq və cənub-qərb divarlarının hər birində üç, digər iki divarda isə iki mazqal vardır. Göstərilən silah yerlərindən başqa ikinci mərtəbənin hər küncündə dioqanal boyunca mazqallar yerləşdirilmişdir.[5] Mazqalların tədqiqi onların hamısının odlu silah üçün nəzərdə tutulduğunu göstərmişdir. Onlar qüllənin içinə doöru genişlənir, fasada isə ensiz, kiçik yarıq şəklində açılırlar.[6]
Qüllənin dördüncü və beşinci mərtəbələri dağılaraq dövrümüzə çatmamışdır. Lakin, abidənin saxlanmış köhnə fotosu və möhkəm daş kronşteynlər onun ilkin görünüşünü tamamilə bərpa etməyə imkan verir.[6] Qüllənin hər divarında üç ədəd olan daş kronşteynlər üzərində əsas divardan bir qədər irəli çıxan müdafiə divarı yerləşirdi. Bu divarlar qüllə müdafiəçilərinə qüllənin əsas divarlarından irəli çıxmaqla əsas divarı müdafiə etməyə, buna baxmayaraq qorunmada qalmağa imkan verirdi.[6] Dördüncü mərtəbə oxvari tağa malik pəncərə ilə işıqlandırılırdı. Pəncərənin hər iki tərəfində isə bir mazqal yerləşirdi.[6] Qüllə bu tipli tikililər üçün xarakterik olan ikitərəfli damla tamamlanırdı.[6]