Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi[1].
Eneolit daş dövrünün sonu – metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:
Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi. Bəzi ölkələrdə bu mərhələ nisbətən tez, digərlərində isə gec başlanmışdır. Birinci dəfə mis əşyalar Qədim Şərq ölkələrində meydana gəlir.[2]
Azərbaycan və bütün Cənubi Qafqaz misişləmə peşəsinə çox erkən yiyələnmiş ölkələr sırasına daxildir. Azərbaycanda Eneolit dövrü eramızdan əvvəl VI minillikdən başlanır və IV minilliyin ortalarına qədər davam edir. Eneolit dövründə iqtisadiyyat və mədəniyyətdə ümumi yüksəliş müşahidə olunur, əkinçilik və maldarlıq təsərrüfatın əsas sahələri olur, əhalinin sayı xeyli artır, əkinçi-maldar qəbilələri geniş ərazilərdə yayılır, qəbilələrarası əlaqələr güclənir. Bu dövrdə Qədim Şərqin bəzi rayonlarında siniflərin və dövlətin meydana gəlməsi üçün zəmin yaranır.[2]
Eneolit dövründə Azərbaycanda oturaq həyat sürən qəbilələr məskən salmışdılar. Əkinçilik mədəniyyəti onlara yaxşı məlum idi. Onlar müxtəlif taxıl növləri becərir, əkin-biçin alətləri hazırlayır, məhsulu yığır, döyür və istifadə edirdilər. Onların sürülərində, demək olar ki, bütün əsas ev heyvanları var idi. Əkinçilik və maldarlıq məhsulları Azərbaycanın Eneolit dövrü qəbilələrinin başlıca ərzaq mənbəyini təşkil edirdi.[2]
Zaqafqaziyada eneolitin öyrənilməsi 50-ci illərdə Naxçıvan şəhəri yaxınlığındakı I Kültəpə yaşayış yerinin qazıntılarından başlandı. Həmin illərdə Mil düzündə aparılan arxeoloji tədqiqat işləri böyük marağa səbəb oldu. Burada aşkar edilən yaşayış yerlərində I Kültəpənin qədim mədəni təbəqəsi üçün səciyyəvi olan saxsı məmulatının varlığı müəyyən edildi.[2] Abidələrdən əldə edilən material Eneolit dövrü mədəniyyətinin Şimali Azərbaycanda böyük ərazidə yayılması və onun Ön Asiya aləmi ilə əlaqəli inkişafını söyləməyə əsas verdi[2]
60-cı illərdən başlayaraq Mil-Qarabağ düzənliyində Qarqar çayından şimalda yerləşən abidələrin öyrənilməsi göstərdi ki, buradakı erkən əkinçilik mədəniyyətini əks etdirən çoxsaylı yaşayış məskənlərinə Azərbaycanın və bütün Zaqafqaziyanın digər vilayətlərində rast gəlinməmişdir. Zaqafqaziyada eneolit mədəniyyətinin lokal xüsusiyyətlərinin, əlaqələrinin və qarşılıqlı təsirlərin, xronoloji məsələlərin öyrənilməsində Ağdam rayonunda Çalağantəpə, İlanlıtəpə və Leylatəpə qazıntılarından əldə edilən məlumatlar mühüm əhəmiyyət kəsb edir.[2]
Eneolit yaşayış yerlərinin bir qrupu da Muğanda Cəlilabad rayonu ərazisində aşkar edildi və 1971-ci ildən Əliköməktəpə yaşayış yerində qazıntı işləri aparıldı. Cənubi Azərbaycanda, xüsusi ilə Urmiya gölü rayonunda bir neçə erkən əkinçilik mədəniyyəti abidələri öyrənildi.[3] Həsənli, Hacı Firuz, Dəlmətəpə və s. abidələrdə erkən əkinçi mədəniyyəti qalıqları aşkar olundu. 1948-ci ildə Urmiya gölünün qərb sahilində Göytəpə yaşayış yerində İlk Tunc dövrü təbəqəsindən altda eneolit və daha qədimə aid mədəni təbəqənin varlığı müəyyən edildi.[3] Sonralar eyni vəziyyətə Urmiya gölünün şərqində Yanıqtəpə yaşayış yerində rast gəlindi. Ancaq Cənubi Azərbaycanın həmin bölgələrdəki abidələri öz xüsusiyyətlərinə görə fərqlənirlər, bu isə eramızdan əvvəl VI-IV minilliklərdə burada bir neçə lokal əkinçi mədəniyyətlərini ayırmağa əsas verdi.[3]
Azərbaycan və bütün Cənubi Qafqaz ərazisində Kür çayının orta axarında aşkar edilən eneolit yaşayış yerlərinin çox böyük əhəmiyyəti oldu. Ötən əsrin 50-70-ci illərində Şəmkir və Qazax rayonlarında çox maraqlı eneolit abidələri tədqiq edilib öyrənildi. Bunlardan birinci növbədə Şomutəpə, Töyrətəpə, Babadərviş, Qarğalartəpəsi, Rustəpəsi, Keçili və s. yaşayış yerlərini göstərmək olar.[3] Topoqrafik, memarlıq və mədəni qalıqların xarakterinə görə eyni tipli yaşayış yerləri Gürcüstanın Azərbaycanla qonşu rayonlarında da, xüsusən, Marneuli düzənliyində tapılmış, ilk dəfə Şomutəpə mədəniyyəti altında qeyd olunan bu yaşayış məskənləri çox güman ki, Ön Asiya - Qafqaz aləminin şimal həndəvərində yayılmış ən qədim əkinçi qəbilələrin vahid etno-mədəni mənsubiyyətini əks etdirir.[3] Cənubda, xüsusən Naxçıvan ərazisində, Mil, Qarabağ və Muğan düzlərində yayılmış abidələr I Kültəpə tipli mədəniyyəti əks etdirir və görünür, eneolit dövrünün başqa etno-mədəni şaxəsini təşkil edir.[3]
80-ci illərdə Ağdam rayonundakı Leylatəpə yaşayış yerində aparılan tədqiqatlar göstərdi ki, eramızdan əvvəl IV minilliyin başlanğıcında Azərbaycanın Qarabağ düzənliyinə Mesopotamiyanın Obeyd mədəniyyəti ilə oxşar mədəniyyətə malik qəbilələr köçmüşlər. Onlar Zaqafqaziyaya bir sıra mədəni və texniki yeniliklər, o cümlədən metaləritmə istehsal üsulunu gətirmişlər.[3]
Beləliklə, XX əsrin ikinci yarısında aparılan arxeoloji tədqiqatlar Azərbaycan ərazisində istehsal təsərrüfatının inkişaf mərhələsini əks etdirən Eneolit dövrünün varlığını və bu dövrün Azərbaycan tarixində fərziyyə olması fikrinin əsassız olduğunu sübuta yetirdi.[3]
Quruçay və Köndələnçay vadisində ən qədim əkinçilik mədəniyyəti ilə bağlı olan abidələr eneolit dövrünə aiddir.Quruçay və Köndələnçay vadisində eneolit dövrünün ilk tapıntıları Azıx və Tağlar daş dövrü mağara düşərgələrinin üst mədəni təbəqələrində aşkar edilmişdir.[5] Hər iki mağara Quruçayın hündür sol sahilindəki əhəng qayalıqlarında yerləşir. Onların ətrafı əkinçilik üçün yararlı torpağı olan yallardan ibarətdir. İstər Azıx, istərsə də Tağlar mağaralarından tapılmış eneolit dövrünə aid maddi-mədəniyyət nümunələrinin böyük hissəsini gil qab qırıqları təşkil edir. Bunlar saman və ya qum qatışıqlı gildən hazırlanmış qab qırıqlarından ibarətdir. Həmin qırıqlar özlüyündə eneolit dövrü üçün xas olan bəsit formalı küpələrə, enli ağızlı qazan və camlara, düz divarlı iri qablara aiddir. Saman qatışıqlı gil kütləsindən hazırlanmış qabların üzəri hər iki tərəfdən eyni tərkibdə olan gil məhlulu ilə suvanmış və hamarlandırılmışdır. Bişirilmədən sonra bu məhlul nazik təbəqə şəklində açıq çəhrayı və ya yaşılımtıl-sarı rəng almışdır. Qum qatışıqlı gildən düzəldilmiş qabların səthi kobuddur. Onlar boz və ya qırmızımtıl-boz rəngidir. Saxsıları kövrəkdir. Təsvir etdiyimiz qab nümunələri Azərbaycanın bütün eneolit abidələri üçün səciyyəvidir. Eyni formalı və texnoloji xüsusiyyətli qablar qonşu respublikaların eneolit dövrü abidələrində də gil məmulatının əsasını təşkil edir. Azıx və Tağlar mağaralarından gil məmulatı ilə yanaşı bir neçə daş və sümük məmulatı da tapılmışdır.[6] Daş məmulatına əsasən dəvəgözü daşından düzəldilmiş bıçaqvarı lövhələr daxildir. Onlar iki və üçtillidir. Bu alətlərin bəzisinin yanı dişəklənmişdir.
Dəvəgözü daşından düzəldilmiş belə kəsici alətlər Azərbaycanın eneolit dövrünə aid bütün qədim yaşayış yerlərindən məlumdur. Daş məmulatı içərisində bir ədəd dairəvi muncuq da vardır. Tağlar mağarasından tapılmış bu bəzək nümunəsi ağ rəngli araqanit daşından düzəldilmişdir. Gözü hər iki tərəfdən burma üsulu ilə açılmışdır. Yuxarıda qeyd etdiyimiz sümük əşya iti bizdən ibarətdir. Bu alət iri quşa məxsus lülə sümüyündən yonulmuşdur. Onun uc hissəsi səylə hamarlanmış və itiləşdirilmişdir. Bu hissədə işlənmə nəticəsində parıltı əmələ gəlmişdir. Alətin ümumi uzunluğu 8 sm-dir. Belə sümük alətlər də eneolit dövrü üçün çox səciyyəvidir. Maraqlıdır ki, onlardan ilk tunc dövrünün başlanğıc mərhələsində də geniş istifadə olunmuşdur. Azıx və Tağlar mağaralarından tapılan eneolit dövrü tapıntıları bu mağaralardan həmin dövrdə sığınacaq kimi istifadə olunduğunu göstərir.[7] Çox güman ki, bu dövrdə mağaralarda yaşayış müvəqqəti olmuşdu. Əsas yaşayış isə, şübhəsiz, əkinçilik və maldarlıq təsərrüfatı üçün daha əlverişli olan Köndələnçayın sahil ərazilərindəki açıq yerlərdə keçmişdi. Belə yaşayış yerlərindən biri Köndələçayın sağ sahilində yerləşən Günəştəpə abidəsidir. Uzunsov dairəvi təpədən ibarət olan bu abidənin uzunluğu 140–150 m-ə, eni isə 60 m-dən 80 m-ə qədərdir. Şimal tərəfdən təpə Köndələnçayın yatağından 35 m yüksəkdir. Bu hissədən təpəyə qalxmaq qeyri-mümkündür. Cənub tərəfdən isə onun hündürlüyü 10 m-ə çatır. Quruçay Günəştəpədən 400–500 m cənubda axır. Onunla təpə arasında qalan sahə düzdür. Ehtimal ki, vaxtı ilə bu yerdə Günəştəpənin qədim sakinlərinin əkin sahələri olmuşdur. Maraqlıdır ki, axtarışlar zamanı buradan dəvəgözü daşından bıçaqvarı lövhələr və çaxmaq daşından oraq dişləri tapılmışdır. Günəştəpənin üstündən isə eneolit ilk və orta tunc dövrlərinə aid həm daş alətlər, həm də çoxlu gil məmulatı toplanmışdır. Eneolit dövrünə aid tapıntılar əsasən gil qab qırıqlarından ibarətdir. Cam və çölməklərə aid bu saxsı qırıqlarının tərkibi saman qarışıqlı olub, üzəri bəzən bir, bəzən isə hər iki üzdən gil məhlulu ilə suvanmış və səylə hamarlaşdırılmışdır. Rəngləri açıq qırmızı, çəhrayı və ya yaşılımtıl-sarıdır. Bunların bişirilmə keyfiyyəti də yaxşıdır. Göstərməliyik ki, eyni xüsusiyyətli, bəzən isə üzəri qırmızı boya ilə naxışlanmış qədim gil məmulatı Köndələnçayın sol sahilindən bir qədər şimalda başlayan Mil düzündəki eneolit abidələrindən də tapılmışdır. Ayrı-ayrı tədqiqatçılar gilinin tərkibində döyülmüş saman qatışığı olan belə gil məmulatını Zaqafqaziya eneolit abidələrinin yalnız cənub qrupuna aid edirlər. Günəştəpədən tapılan ən qədim maddi-mədəniyyət nümunələrinin başqa bir qismi daş məmulatından ibarətdir. Bunların içərisində dəvəgözü daşından çoxlu bıçaqvarı lövhələr, çaxmaq və dəvəgözü daşından düzəldilmiş mikrolit alətlər vardır. Qeyd etməliyik ki, mikrolit alətlərə Zaqafqaziyanın bir sıra eneolit dövrü abidələrində təsadüf olunmuş, onların ayrı-ayrı nümunələri hətta Maykop mədəniyyətinə aid abidələrdən tapılmışdır. Quruçay və Köndələnçay vadisində eneolit dövrü tapıntılarına malik digər abidə Qaraköpəktəpə adlı çoxtəbəqəli qədim yaşayış yeridir. Bu, Günəştəpədən 30 –40 m şərqdə, Köndələnçayın sahilində ucalan konusvarı möhtəşəm təpədən ibarətdir. Çay tərəfdən onun hündürlüyü 50 m-dir. Bu hissədə Köndələnçayın sahili dik və uçurumlu olmaqla yaşayış yeri üçün çox qədimlərdən təbii müdafiə səddi rolunu oynamışdı. Təpədən 400–500 m cənubdan axan Quruçayın dərin yatağı isə onu cənub tərəfdən qorumuşdu. Ümumiyyətlə bu yer Quruçayla Köndələnçayın bir-birinə ən çox yaxınlaşdığı yerdir. Yerüstü axtarışlar, eləcə də qazıntılar nəticəsində Qaraköpəktəpədən eneolit dövründən son orta əsrlərədək külli miqdarda maddi-mədəniyyət nümunələri tapılmışdır. Burada hətta mezolit və neolit dövrlərinin daş alətlərinə oxşar nümunələrə də təsadüf olunmuşdur. Qeyd etməliyik ki, Qaraköpəktəpədə eneolit tapıntıları hələlik yalnız yerüstü axtarışlar nəticəsində aşkara çıxarılmışdır. Bunların da çoxu gil qab qırıqları ilə təmsil olunmuşdur. Günəştəpə qədim yaşayış yerindən fərqli olaraq bunlar həm saman, həm də qum qatışıqlı gildəndir. Bütün bu qırıqlar əldə hazırlanmış sadə formalı qablara məxsusdur. Onların ağız kənarları adətən düz, oturacaqları aşağı hissədə yanlara çıxıntılıdır. Belə oturacaqlı qablar eneolit dövrü abidələrində geniş yayılmışdır. Yerüstü axtarışlar zamanı Qaraköpəktəpədən çoxlu qədim daş alət də tapılmışdır. Onların müəyyən qismi eneolit dövrünə aiddir. Bunlara, hər şeydən əvvəl, dəvəgözü və çaxmaqdaşından düzəldilmiş bıçaqvarı lövhələr və digər kəsici alətlər daxildir. Ehtimal ki, lövhələr əsasən quraşdırma dişli ibtidai oraqlara məxsus olmuşdur. Onu da ehtimal etmək olar ki, Qaraköpəktəpədən tapılan mikrolit alətlərin də bir qismi bilavasitə eneolit dövründə istehsal edilmiş və işlədilmişdir. Quruçay və Köndələnçay vadisində eneolit dövrünə aid digər yaşayış yerləri, eləcə də yeni tapıntılar Xantəpə və Kültəpə abidələrində aşkar edilmişdir.[8]
Qeyd etməliyik ki, ümumiyyətlə vadidə eneolit dövrünün ən maraqlı və böyük elmi əhəmiyyətli tapıntıları Xantəpə qədim yaşayış yerində zahirə çıxarılmışdır. Bu abidə dairəvi təpədən ibarət olmaqla Füzuli şəhərinin cənub-şərq qurtaracağında yerləşir.[9] Onun diametri 120-130, hündürlüyü 8–10 m-dir. Təpədə uzun müddət təsərrüfat işləri aparıldığından onun üstündən və kəsiklərindən külli miqdarda qədim maddi-mədəniyyət nümunəsi toplamaq mümkün olmuşdur. Bunlar eneolit, ilk və orta tunc dövrlərinə aid olsa da, kəmiyyətcə üstünlük eneolit tapıntılarına məxsusdur. Maraqlıdır ki, həmin tapıntıların qiymətli qismi təpənin torpaq kəsiyində aydın bilinən müvafiq təbəqədən tapılmışdır. Tapıntılar ümumilikdə gil və daş məmulatından ibarətdir. Gil məmulatı başqa abidələrlə olduğu kimi əldə hazırlanmış sadə formalı qablarla təmsil edilmişdir. Onların bir qismi qum qatışıqlı, digər qismi isə saman qatışıqlı gildən hazırlanmışdır. Qum qatışıqlı gildən olan qabların divarları kövrəkdir. Onların bişirilməsi zəif olub, boz və ya qırmızımtıl-boz rənglidir. Saman qatışıqlı gildən düzəldilmiş qablar daha keyfiyyətli, səthi adətən əlavə nazik suvaqa malikdir və batıqlarla örtülmüşdür. Çəhrayı və ya açıq qırmızı rənglidirlər. Ayrı-ayrı nümunələrin üzərindən çıxıntı şəklində bəsit qulplar vardır (I tablo). Xantəpənin gil məmulatı içərisində bir ədəd butə diqqəti cəlb edir. Bu, yuvarlaq formalı boz rəngli kiçik qabdan ibarətdir. Qum qatışıqlı gildən hazırlanmış, üzərində od və his izi qalmışdır. Mis əridilməsi üçün istifadə olunmuş bu əşyanın hündürlüyü 3,5 diametri 4 sm-dir. Təsvir etdiyimiz butə Zaqafqaziyada ən qədim yerli metal əritməsini əks etdirən ilk tapıntıdır. Xantəpədən tapılan eneolit dövrünə aid maddi-mədəniyyət nümunələrinin ikinci qismini daş məmulatı təşkil edir. Bunların içərisində dəvəgözü daşından düzəldilmiş bıçaqvarı lövhələr və üzərində iş izi nəzərə çarpan çoxlu müxtəlif qəlpə də vardır. Burada ibtidai formalı dən daşlarına, sürtkəc və həvəngdəstələrinə də təsadüf olunmuşdur. Xantəpədən bütün bunlardan əlavə bir ədəd də yuvarlaq oturacaqlı daş qabın aşağı hissəsi tapılmışdır. Bu, qalın divarlı və boz rəngdə olub, məsaməli daşdan yonulmuşdur. Bütün bu tapıntılar Xantəpəni oturaq əkinçi yaşayış yeri kimi səciyyələndirərək, burada eradan əvvəl V minillikdə artıq müstəqil metaləritmə işinin də mövcud olduğunu sübut edir. Kültəpə qədim yaşayış yeri də eyni qəbildəndir, O, Quruçay və Köndələnçay vadisinin cənub-şərq qurtaracağında yerləşən çoxtəbəqəli və ən böyük sahəli qədim yaşayış yeridir. Əslində bu yaşayış yerinin olduğu ərazi Araz çayının geniş vadisinə daxildir. Belə ki, Kültəpədən 1,5 2 km şərqdə Araz çayı keçir. Quruçay və Köndələnçay isə məhz burada Arazla qovuşur. Ümumiyyətlə, Quruçay-Köndələnçay vadisindən Şərq ölkələrinə keçid bilavasitə bu yerdən başlanır. Güman etmək olar ki, Kültəpənin belə əlverişli coğrafi-mövqeyi qədim dövrlərdən ona üstünlük vermiş və buranın ən böyük yaşayış yerinə çevrilməsinə səbəb olmuşdur. Kültəpə hazırda belə 4 hektardan artıq sahəni tutur. Planda dördkünc formalı olan bu təpənin hündürlüyü 15 m-ə yaxındır. Kültəpənin şərq tərəfindəki kəsiklərə əsasən onun süni təpə olduğu müəyyənləşdirilmişdir. Onu da qeyd etməliyik ki, Kültəpənin qərb və cənub tərəflərində əkinçilik üçün yararlı geniş düzən sahələr vardır. Arxeoloji axtarışlar zamanı Kültəpədən eneolit, ilk və orta tunc dövrlərinə, tunc dövrünün sonu – dəmir dövrünün əvvəllərinə, eləcə də sonrakı dövrlərə aid külli miqdarda maddi-mədəniyyət nümunələri tapılmışdır. Eneolit dövrünün tapıntıları əsasən gil məmulatından ibarətdir. Bunlar da öz növbəsində saman qatışıqlı gildən düzəldilmiş ayrı-ayrı qabların qırıqları ilə təmsil olunmuşdur. Qırıqların üzəri nazik gil məhlulu ilə suvanmışdır. Bişirildikdən sonra onların səthi açıq qırmızı və ya çəhrayı rəng almışdır. Təsvir etdiyimiz bu qırıqlar düz divarlı kasalara, camlara, çölmək və qazanlara aiddir. Bəzi qırıqlar qalın divarlı olmaqla eyni formalı, lakin iri ölçülü təsərrüfat qablarına məxsusdur. Kültəpədən əldə edilən tapıntılar içərisində müxtəlif daş alətlər də vardır. Onlar qədim əkinçilik təsərrüfatı ilə bağlı olmaqla oraq dişlərindən, dən daşları və sürtkəclərdən, çay daşlarından düzəldilmiş çapacaq və toxalardan ibarətdir. Güman etmək olar ki, bunların müəyyən hissəsi eneolit dövrünə aid əmək alətləridir. Quruçay və Köndələnçay vadisində eneolit dövrü abidələri əsasən yuxarıda qeyd etdiklərimizdən ibarətdir. Gördüyümüz kimi, bu abidələrdən tapılan maddimədəniyyət nümunələri Zaqafqaziya eneolit mədəniyyəti üçün səciyyəvi olan bütün xüsusiyyətləri özündə cəmləşdirmişdir. Bu mədəniyyətə məxsus yaşayış yerləri bir qayda olaraq dağətəyi və düzən yerlərdəki çay sahilində və ya hazırda suyu qurumuş qədim çay vadilərində yerləşmişdir. Belə yaşayış yerlərinin evləri möhrədən və ya çiy kərpicdən tikilmiş dairəvi və dördkünc binalardan ibarət olmuşdur. Arxeoloji tədqiqatlarla müəyyənləşdirilmişdir ki, vaxtı ilə bu yaşayış yerlərində təsərrüfatın əsasını artıq təşəkkül tapmış əkinçilik təşkil etmiş və bu təsərrüfatda dənli bitkilər istehsalı üstün yer tutmuşdu. Əkinçiliyin əsas formasını isə toxa əkinçiliyi təşkil etmişdi. Öyrənilmişdir ki, eneolit dövründə əhalinin iqtisadiyyatında əkinçiliklə yanaşı maldarlıq da əhəmiyyətli yer tutmuşdu. Lakin bu təsərrüfat sahəsi öz inkişaf səviyyəsinə görə hələ oturaq xüsusiyyət daşımışdı. Eneolit dövrünün ən böyük nailiyyətlərindən biri misin kəşfi və bununla əlaqədar ilk metal alətlərin istehsalı ilə bağlı olmuşdu. Bu dövrdə Zaqafqaziyanın, o cümlədən vadinin qədim sakinləri misi əritməyi öyrənmiş və ondan müxtəlif alətlər düzəltməklə öz istehsal fəaliyyətlərini xeyli yüngülləşdirmişdilər. Tədqiqatçılar ilk oturaq əkinçiliklə bağlı eneolit mədəniyyətini yekdilliklə e. ə. V-IV minilliklərə aid edirlər. Eyni zamanda, bu mədəniyyət hələlik Zaqafqaziyanın ən qədim əkinçilik mədəniyyəti hesab olunur. Bununla belə, şübhə yoxdur ki, göstərdiyimiz minilliklərdə artıq yetkin formada olmuş bu mədəniyyətin ilkin kökləri daha qədim dövrlərlə – neolitlə bağlıdır. Təəssüf ki, bu dövr indiyədək Zaqafqaziyanın ən zəif öyrənilmiş dövrü kimi qalmaqda davam edir. Bunun əksinə, eneolitdən sonrakı dövr əkinçilik təsərrüfatının yeni inkişafı və yüksəlişini əks etdirən dövr daha yaxşı öyrənilmişdir.[mənbə göstərin]
Zaqafqaziyada 150-dən artıq Eneolit dövrü yaşayış yeri müəyyən edilmişdir. Onların əksər hissəsi Azərbaycan ərazisindədir. Tədqiqatlar Eneolit dövründə oturaq qəbilələrin çox geniş əraziyə yayılmasını göstərsə də, Zaqafqaziyada qədim yaşayış yerləri müəyyən rayonlarda, başlıca olaraq Kür çayından cənubda məhsuldar düzənlərdə yerləşir.[3]
Azərbaycanın erkən əkinçiləri adətən su hövzələri kənarlarında məskən salırdılar. Mil-Qarabağ düzənliyində, xüsusən Qarqar və Xaçın çayları arasında çoxsaylı qədim yaşayış yerləri cəmləşir. Burada yerdənçıxan suların ətrafında salınmış yaşayış yerləri az deyil.[10] Çox güman ki, Mil düzü Eneolit dövründə indiki kimi susuz ərazi deyildi, insanların yaşaması üçün orada şərait daha əlverişli olmuşdur. Daimi axar sular, münbit torpaq və başqa amillər ərazinin mənimsənilməsinə və burada ilk əkinçi mədəniyyətinin inkişafına imkan vermişdir.[10] Muğanda eneolit yaşayış məskənləri bilavasitə kiçik çayların (İncəçay, Mişarçay), qədimdə axar sulu dayaz dərələrin, bəzən də bulaqların kənarlarında cəmlənmişdir. Cənubdan Kiçik Qafqaz dağları, şimaldan Kür çayı ilə araya alınmış Gəncə-Qazax düzənliyində eneolit yaşayış yerləri əksər halda düzənliyin orta hissəsində, hazırda qurumuş çay yataqları kənarlarında yerləşirlər. Əkinçi-maldar qəbilələrin tutduğu ərazilər sonralar müəyyən vaxt ərzində boş qalmış və ya az məskunlaşmışdır. Bu rayonlarda eneolit dövrünün sonlarında yaşayışın kəsilməsi, ehtimal ki, quraqlıq dövrünün başlanması və axar suların quruması ilə bağlı idi.[10]
Azərbaycanın eneolit yaşayış yerləri adətən kiçik olub, orta hesabla 0,5 ha sahəni tutur, ancaq nisbətən iri (2-4 ha) sahəli abidələr də vardır.[10] Ən qalın mədəni təbəqəyə malik yaşayış yerlərinin hündürlüyü 10 metrdən artıq deyil. Bir qayda olaraq bütün yaşayış yerlərində tikintilər çox sıxdır. Qarqartəpəsi yaşayış yerində tikintilərin birinin divarları ağardılmışdır. Gəncə-Qazax və Qarabağ düzlərinin yaşayış yerlərindən fərqli olaraq Naxçıvanda Kültəpə yaşayış yerinin eneolit dövrü təbəqəsində möhrə divarlar gil palçıqla bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür.[11] Urmiya gölü sahilində Göytəpə eneolit yaşayış yerində kərpic divarlar daş bünövrə üzərində qurulmuşdur. Urmiya gölü rayonunda çiy kərpic memarlığında Zaqafqaziyadan fərqli başqa tikinti ənənəsi yayılmışdır. Burada bütün tikililər düzbucaqlı formadadır. Belə tikililər Muğanda Əliköməktəpə yaşayış yerində çoxdur və Azərbaycanın Uımiyaətrafı rayonunun memarlığına yaxındır. Məsələn, Əliköməktəpə yaşayış yerində evlər düzbucaqlı formada, iki-üç otaqdan ibarətdir, evlərə adətən kiçikhəcmli dördkünc kameralar birləşir. Belə tikintilər vahid təsərrüfatməişət kompleksi təşkil edirdi. Evlərin divarları iki cərgə kərpicdən hörülürdü. Bu yaşayış yerinin yalnız tək-tək tikintiləri dairəvi plana malik idi. Burada həm də bir dairəvi planlı qazma otaq var idi. Onun ağardılmış divarında boya ilə çəkilmiş həndəsi nəqşin izləri qalmışdır.[10]
Naxçıvan ərazisində Kültəpə yaşayış yerinin eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir. Son dövrdə böyük ölçüdə inşa edilən tikinti divarlarının qalınlığı 1 m-ə çatırdı.[10]
Qarabağ düzənliyində Çalağantəpə və İlanlıtəpə yaşayış yerləri məsafəcə yaxın və oxşar mədəniyyətə mənsub olsalar da, memarlıq xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Çalağantəpədə bütün tikintilər dairəvi planda bir cərgə kərpicdən hörülmüş, bəzən də daxildən ağardılmış və boya ilə naxışlanmışdır.[12] İlanlıtəpədə tikintilər əsasən düzplanlı olsa da, orada dairəvi və yarımdairəvi planlı tikililər də olmuşdur. Tikililərin döşəmələrinə bəzən boya qatılmış gil suvaq çəkilmiş, divarlarda boya ilə naxış vurulması qeydə alınmışdır. Orada gipslə suvanmış sahələrə də rast gəlinmişdir.[12] Ağdam rayonunda Xındırıstan kəndi yaxınlığında Leylatəpə yaşayış yerinin sakinləri çiy kərpicdən yalnız düzplanlı evlər və təsərrüfat binaları tikirdilər. Qərbi Azərbaycanın və onunla qonşu Gürcüstan rayonlarının erkən əkinçi yaşayış yerlərində bir cərgə kərpicdən hörülmüş dairəvi planlı tikililər əsas yer tuturdu.[12]
Beləliklə, Eneolit dövründə Azərbaycan ərazisində həm dairəvi və həm də düzplanlı yaşayış evləri və təsərrüfat tikililəri inşa edilirdi. Əgər bəzi rayonlarda dairəvi planlı, başqalarında düzplanlı tikililər üstünlük təşkil edirdisə, üçüncülərdə hər iki tikinti forması eyni vaxtda mövcud olmuşdur.[12] Mərkəzi Zaqafqaziyada dairəvi planlı memarlıq Kür çayından Araza qədər geniş yayıldığı halda, Muğan və Urmiya vilayətlərində əsasən düzplanlı evlər inşa olunmuşdur.[12]
Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit mədəniyyəti ilə bağlı olduğunu göstərir.[13] Bu bağlılıq hər şeydən əvvəl, yaşayış binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir.[13] İlk Tunc dövrü yaşayış binalarının bir qisminin Eneolit dövründə olduğu kimi qövsşəkilli divarla hüdudlanmış, yarımçıq həyətləri olmuşdur. Düzbucaqlı artırmaları olan dairəvi binalar da öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Evlərin daxili quruluşundakı bəzi xüsusiyyətlər, xüsusilə, gildən ocaq qurğularının, təsərrüfat quyularının, evin damını saxlayan mərkəzi dirək üçün dayaq daşlarının qeydə alınması, bu əlamətlərdəndir.[13]
Kür Araz mədəniyyəti və Urartu Мingəçevir yaşayış yerində rast gəlinən yarımqazma tipli evlər Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində qeydə alınmamışdır. Bu tip yaşayış binalarının prototipləri Babadərviş yaşayış yerinin Eneolit dövrü təbəqəsindən məlumdur. Azərbaycanın bir sıra abidələrində, xüsusilə, I Kültəpə, Göytəpə, Yanıqtəpə, Babadərviş yaşayış yerlərində Kür-Araz mədəniyyətinə aid mədəni təbəqə, bilavasitə Eneolit dövrü təbəqəsinin üzərində yer alır.[13]
Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı arxeoloji materiallarda, xüsusilə gil məmulatında aydın şəkildə izlənir. I Kültəpə və II Kültəpədən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, konusvari və bikonik gövdəyə malik dərin kasalar, banka tipli qablar Enolit dövrünə aid öz prototiplərini təkrar edir. Eyni hal Babadərviş və Göytəpədə də izlənir.[13]
Babadərvişdən aşkar olunan silindrik boğazlı, yuvarlaq gövdəli küpələr, çəllək tipli qablar, konus gövdəli kasalar, divarları ağzının kənarına doğru genişlənən çölməklər Töyrətəpə, Şomutəpə və I Kültəpədən aşkar olunmuş Eneolit tiplərini təkrar edir.[13]
Göründüyü kimi, Kür-Araz mədəniyyətinin ilk mərhələsinin keramikası tamamilə Eneolit dövrü ilə bağlanır. Birinci mərhələnin qablarında Eneolit dövrü üçün xarakterik olan, qaba hazırlanmış, qeyri-bərabər bişirilmiş qablara rast gəlinir. Bu baxımdan, II Kültəpənin alt qatlarından tapılan keramika diqqəti cəlb edir. Buradan aşkar olunmuş bəzi qab parçalarının tərkibində Eneolit dövrü üçün xarakterik olan saman qarışığına rastlanmışdır. Bu təbəqədən, həmçinin, silindrik çıxıntısı olan gil qapaq tapılmışdır. Eneolit üçün xarakterik olan bu çıxıntılar Kür-Araz mədəniyyətində adətən yarımşar şəkilli qulplarla əvəz edilmişdir. Qeyd etmək lazımdır ki, Eneolit keramikası ilə Kür-Araz keramikası arasında bir sıra texnoloji və tipoloji bənzərliklərin olmasına baxmayaraq, Kür-Araz keramikası formalaşdırılması və bişirilməsinə görə daha yüksək səviyyəli olub, əvvəlki dövrün keramikasından fərqlənir. Bu dövrdə saman qarışığı, qum qarışığı ilə əvəz olunur. Şübhəsiz ki, bu xüsusiyyətlər Kür-Araz mədəniyyəti tayfalarının dulusçuluqda əldə etdiyi bir sıra nailiyyətlərlə bağlıdır.[13]
Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. B.A.Küftin və B.B.Piotrovski bu mədəniyyəti bütünlüklə e.ə. III minilliyə aid etmişlər. O. H. Həbibullayev[rus.] əvvəlcə, bu mədəniyyətin e.ə. III minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi bütövlüklə əhatə etdiyini göstərmişdir. R.М.Мunçayev apardığı tədqiqatlar zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş, I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora və digər yaşayış yerlərinin stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV-III minilliklərə aid etmişdir.[13]
Kür-Araz mədəniyyətinin yayılma arealı və xronologiyası K.X.Kuşnaryeva və T.N.Çubinişvilinin əsərində geniş şəkildə nəzərdən keçirilmişdir. Onlar Kür-Araz mədəniyyətini 3 mərhələyə bölərək, birinci mərhələni e.ə. 3000-2700, ikinci mərhələni e.ə. 2700- 2300, üçüncü mərhələni e.ə. 2300-2000 –ci illərə aid etmişlər.[13] Q.S.İsmayılov Kür- Araz mədəniyyətini e.ə. III minilliyə, daha sonra isə e.ə. IV minilliyin sonu və bütövlükdə üçüncü minilliyə aid etmişdir. O, Kür-Araz mədəniyyətini üç inkişaf mərhələsinə bölmüş və buna uyğun olaraq, birinci mərhələni e.ə. 3200-2800, ikincini e.ə. 2800-2600, üçüncünü isə e.ə. 2600-2300- cü illərə aid etmişdir.[13] O.М.Çaparidze Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortalarına və sonuna, son mərhələsini isə e.ə. III minilliyin ortalarına aid etmişdir. D.L.Koridze Kür-Araz mədəniyyətini e.ə. III minilliyin birinci yarısına aid etmişdir.
Son illər qafqazşünas arxeoloqlar Kür-Araz mədəniyyətini e.ə. IV minilliyin sonu və üçüncü minilliyin ortaları ilə tarixləndirməyə meyillidirlər.[13]
Azərbaycanda, xüsusilə Naxçıvanda yerləşən Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, bu mədəniyyətin tarixləndirilməsi üçün yeni faktlar ortaya çıxarmışdır. Bu dəlillər Kür-Araz mədəniyyətinin Azərbaycanda daha qədim tarixə malik olduğunu göstərir. Kür-Araz mədəniyyətinin Azərbaycanda qədim tarixə malik olması fikri, vaxtı ilə O.H.Həbibullayev tərəfindən söylənmişdir. O, Kültəpənin İlk Tunc dövrü təbəqəsini iki mərhələyə bölərək, ilk mərhələnin olmadığını qeyd etmişdir. Bu zaman tədqiqatçı I Kültəpədə Eneolit və Kür-Araz təbəqələri arasındakı steril layın olmasına əsaslanmışdır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bu iki təbəqə arasında böyük kəsinti olmamışdır. Q.S.İsmayılov Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin sonuna aid etmiş və daha erkən mərhələnin ola biləcəyi ehtimalını irəli sürmüşdü.[13]
Tədqiqatçıların bu fikri Kür-Araz mədəniyyətinin inkişaf etmiş formada ortaya çıxması ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, bu inkişaf səviyyəsi Eneolit mədəniyyətinin uzunmüddətli tərəqqisi sayəsində yaranmışdır. Son illərin tədqiqatları, xüsusilə I Kültəpənin alt laylarında Kür-Araz keramikasına Eneolit keramikası ilə birlikdə rast gəlinməsi bu mədəniyyətin ilk mərhələsini xarakterizə etməyə imkan verir.[13]
Demək olar ki, Kür-Araz mədəniyyətinin ilk mərhələsi II Kültəpədə bütövlükdə əks olunmuşdur. Kür-Araz mədəniyyəti abidələrinin tarixləndirilməsinin başlıca kriteriyalarından biri, digər tapıntılara nisbətən daha çox olan və mədəniyyətin inkişafındakı dəyişiklikləri daha aydın əks etdirən keramika, xüsusilə gil qabların təhlilidir. Gil məmulatlarının inkişaf xüsusiyyətləri onların üçmərhələli xarakteristikasında özünü aydın göstərir. Yuxarıda qeyd edildiyi kimi, birinci mərhələyə aid bir sıra materiallar, xüsusilə gil qablar öz yaxın bənzərlərini Eneolit abidələrində tapır. Bu mərhələnin qədimliyi həm də aşkar olunan metal əşyaların arxaik forması ilə təsdiq edilir. Belə ki, I Kültəpədə aşkar olunan iskənə tipli alətin, həmçinin II Kültəpənin alt laylarından əldə edilən bıçağın bənzərləri indiyədək Cənubi Qafqaz abidələrindən bəlli deyil.[13] I Kültəpənin XII tikinti qatından 8,5 m dərinlikdən götürülmüş kömürün analizi e.ə. 2920 + 90-cı ili göstərmişdir. Bu səviyyədən aşağıdakı 4 m qalınlığında olan mədəni təbəqədə tikinti qatlarının olduğu müəyyən edilmişdir. Buna görə də, I Kültəpənin alt qatlarını e.ə. IV minilliyin ikinci yarısına aid etmək olar. Fikrimizcə, I Kültəpənin alt qatları Kür- Araz mədəniyyətinin ilk mərhələsinə aiddir. Bu mərhələyə, həmçinin I Kültəpə,
Göytəpə, Babadərviş və Qaraköpəktəpənin alt qatları aiddir.[14] II Kültəpədə aşkar olunan arxeoloji materialların arxaik formasını nəzərə alaraq Kür-Araz mədəniyyətinin ilk mərhələsini e.ə. IV minilliyin ortaları və III minilliyin əvvəlinə aid edirik. Belə hesab edirik ki, Kür-Araz mədəniyyətinin meydana gəlməsi ilə bağlı proseslər e.ə. IV minilliyin əvvəllərindən başlamışdır.[13]
Мingəçevir yaşayış yerinin İlk Tunc dövrü kompleksi, o cümlədən buradan aşkar edilən qəbirlər də arxeoloji materialların arxaik xüsusiyyətlərinə əsasən, birinci mərhələyə aid edilə bilər. Bizim fikrimizcə, Astara rayonunda tədqiq edilən Telmankənd kurqanları da bu mərhələyə aiddir. Bu kurqanların tarixləndirilməsində saplaqlı nizə ucluqları və tiyəşəkilli yastı baltaların mühüm əhəmiyyəti vardır.[13]
Zaqafqaziyada aşkar olunan tunc nizə ucluqları B.A.Kuftindən başlayaraq e.ə. III minilliyə aid edilmişdir. Ur nekropolundan əldə edilən bu cür nizə ucluqları e.ə. III minilliyin birinci yarısına aid edilir. Həmin tarix Suriyanın Karxemiş və Amor abidələrindən aşkar olunan nümunələr üçün də qəbul edilmişdir. Telmankənd kurqanında nizə ucluqları yastı baltalarla birlikdə tapılmışdır. Bu tip baltalar Мesopotamiya və İranla e.ə. IV-III minilliklərdə geniş yayılmışdır. Xarakterik haldır ki, e.ə. IV-III minilliklərdə yastı baltalar nizə ucluqları ilə eyni kompleksdə aşkar olunmuşdur. Telmankənd kurqanından aşkar olunan nizə ucluğu və yastı baltalardan birinin tərkibində yüksək nikel qarışığının olması, onların Мesopotomiya ilə bağlılığına dəlalət etməkdədir.[13]
Buna görə də bu abidələrin qədim tarixi heç bir şübhə doğurmur. İkinci mərhələnin tarixləndirilməsi üçün I Kültəpə və Göytəpədən götürülmüş kömür analizlərinin mühüm əhəmiyyəti vardır. Belə ki, I Kültəpənin ikinci mərhələyə aid edilən tikinti qatları, kömür analizi ilə e.ə. 2920 + 90 –cı ildə müəyyən edilmiş səviyyədən aşağıda yerləşir. Göytəpənin K3 təbəqəsindən götürülmüş kömürün analizi e.ə. 2574 + 146-cı ili göstərmişdir.[15]
Beləliklə, Kür- Araz mədəniyyətinin ikinci mərhələsini, təqribən e.ə. 3000-2600-cü illərə aid etmək olar. Fikrimizcə, ikinci mərhələnin tarixini bir qədər də qədimləşdirərək, e.ə. 3200-cü ilə aid etmək mümkündür.
I Kültəpənin sonuncu mərhələyə aid 3 m qalınlığındakı təbəqəsindən iki tikinti qatı, II Kültəpədə isə altı tikinti qatı aşkar edilmişdir. Qeyd edildiyi kimi, bu mərhələnin keramikası Urmiya hövzəsi, Quruçay və Göndələnçay hövzəsinin materialları ilə bənzərlik təşkil edir. Gil məmulatının bəzi nümunələri öz bənzərlərini Amiranisqora, Kvaçxelebi, Xizanaantqora və Şenqavitdə tapır. Bu baxımdan II Kültəpənin üst qatlarından aşkar olunan kasalar, Araqaçın daş qutu qəbirlərinin materialları ilə bənzərlik təşkil edir. Belə bənzəyiş Şenqavitdə də izlənir.[13]
Bəlli olduğu kimi, bu abidələr Erkən Tuncla Orta tunc dövrünün qovşağında yerləşir. Kür-Araz mədəniyyətinin son dövrü Qobustanda da izlənir. Lakin bu mərhələnin sonu üçün xarakterik materiallar Yanıqtəpədən məlumdur. Kür-Araz mədəniyyətinin son mərhələsini əks etdirən Şenqavit yaşayış yerinin üst qatlarından götürülmüş kömürün analizi e.ə. 2020 + 80-ci ili göstərmişdir. Bu, Kür-Araz mədəniyyətinin Orta Tunc dövründə də davam etdiyini göstərir. Həmçinin tədqiqatlar göstərir ki, Kür-Araz mədəniyyəti bir qrup abidələrdə davam etdiyi halda, digərlərində kəsilmişdir. Bizim fikrimizə görə, bu, Kür Araz mədəniyyətini əvəz edən Orta tunc dövrü mədəniyyətinin yayılması ilə bağlı olmuşdur. Deyilənlər, Naxçıvan və Urmiya hövzəsi abidələrində daha yaxşı izlənmişdir. Bu regionda Orta tunc dövrünün ilk mərhələsi boyalı qabların yayılması ilə xarakterikdir. Bu mədəniyyət isə Cənubi Qafqaz abidələrində eyni şəkildə yayılmamışdır. Bu barədə növbəti başlıqda geniş məlumat veriləcəkdir.[13]
Araşdırmalara əsaslanaraq, Kür-Araz mədəniyyətinin sonuncu mərhələsini e.ə. 2600-2300-cü illərə aid etmək olar. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra abidələrində Kür-Araz təbəqəsi aşağıdan Enolit, yuxarıdan isə Orta Tunc dövrü təbəqəsi ilə məhdudlaşır. Şübhəsiz ki, bu fakt Kür-Araz mədəniyyətinin tarixləndirilməsinin Eneolit və Orta Tunc dövrü mədəniyyəti ilə bağlı olduğunu göstərir. Qafqazşünas arxeoloqlar Orta Tunc dövrü mədəniyyətinin ilk mərhələsini e.ə. III minilliyin ortaları və ikinci yarısı ilə tarixləndirməyə meyl edirlər.[13]
Qeyd etmək olar ki, ilk mərhələdə Kür-Araz tayfaları Azərbaycanın bütün ərazisində eyni şəkildə yayılmamışdır. Fikrimizcə, bu mədəniyyətin erkən meydana çıxdığı ərazi Naxçıvan-Urmiya bölgəsi olmuşdur. İlk mərhələdə Kür- Araz mədəniyyətinin meydana gəldiyi areal Şərqi Anadolu və Gəncə-Qazax zonasını da əhatə etmişdir.
Cənubi Azərbaycanda arxeoloji abidələrin yaxşı öyrənilməməsi, bu mədəniyyətin cənub sərhədlərini izləməyə imkan vermir. Ehtimal ki, ilk vaxtlar bu mədəniyyət Мuğan düzünə qədər yayılmışdır. Kür-Araz mədəniyyəti ikinci mərhələdə xüsusilə geniş inkişaf edərək, Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yarımköçəri maldarlığın inkişafı ilə bağlı olaraq, dağətəyi və dağlıq rayonlarda intensiv məskunlaşma olmuşdur. Kür-Araz mədəniyyəti Azərbaycandan Cənubi Qafqaz, Şimali Qafqaz və Şərqi Anadoluya yayılaraq, geniş ərazini əhatə etmişdir.[13]
Azərbaycanın əlverişli təbii şəraiti istehsal təsərrüfatına yiyələnmiş düzən rayonların sakinlərinə davamlı oturaq həyat tərzi keçirməyə imkan verirdi. Eneolit yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə əlaqədar materiallar əldə edilmişdir. Buraya, hər şeydən əvvəl, torpağın becərilməsi, taxılın biçilməsi və dənin döyülməsində istifadə edilən alətlər və həm də kömürləşmiş taxıl dənləri daxildir. Əkinçilik məhsulları saxlanılan xüsusi tikililər də aşkar edilmişdir. Çalağantəpədə kərpicdən hörülmüş anbarlardan birində çoxlu miqdarda yanıb kömürləşmiş buğda və arpa tapılmışdır. Azərbaycan sakinləri yumşaq və bərk buğda, mədəni ikicərgəli və çoxcərgəli arpa, həm də iki cərgəli yabanı arpa becərirdilər. Tək-tək çovdar dəninə də rast gəlinmişdir. Şomutəpə yaşayış yerindən Azərbaycanda ən qədim üzüm çəyirdəyi tapılmışdır. Eneolit dövründə iqlim dəmyə əkinçiliyi üçün indikindən daha yararlı idi. Bununla belə düzən ərazisində oturaq həyat tərzi başlanan dövrdən oranın əhalisi su arxları çəkmək və tarlaları suvarmaq üsuluna bələd idilər. Qədim əkinçilərin yerqazma, şumlama aləti toxa olmuşdur.
Toxalar maral buynuzundan, iribuynuzlu heyvanların qıç və kürək sümüyündən düzəldilirdi. Şərqi Zaqafqaziyanın, xüsusən Gəncə-Qazax düzənliyinin erkən əkinçilik məskənlərindən çoxlu miqdarda toxanın tapılması eneolit dövründə toxa əkinçiliyi mədəniyyətinin çiçəklənməsini sübut edir. O vaxt xış hələ məlum deyildi. Ön Asiya ölkələrində, o cümlədən Mesopotamiyada da eramızdan əvvəl IV minilliyə qədər xışdan istifadə olunmurdu. Öyrəndiyimiz dövrün biçin alətləri yaxşı məlumdur. Onlar başlıca olaraq yığma oraqlardan ibarət idi. Oraqların dəstəyi və işlək hissəsi bütöv bir ağac qələmindən düzəldilirdi. Onun bir ucunda əl yeri qoymaqla qalan hissədə novçavari yarıq açaraq oraya çaxmaq və ya dəvəgözü daşından lövhə dişlər düzülürdü. Dişlər ağac oraqlara qatran vasitəsilə bərkidilirdi. Başqa cür oraqlar da məlumdur. Məsələn, Şomutəpədə öküzün çənə sümüyündən, Naxçıvan Kültəpəsində isə buynuzdan düzəldilmiş oraq tapılmışdır. Məlum olan ən qədim biçin alətləri içərisində Muğanda Əliköməktəpə yaşayış yerində öküzün kürək sümüyündən düzəldilmiş oraqlar da vardır. Onların mişarvari düzəldilmiş ağız hissəsində biçin prosesində əmələ gəlmiş parıltı aydın bilinir. Eneolit dövrü yaşayış yerlərində əkinçilik təsərrüfatı ilə bağlı olan xeyli daş həvəng, daş dəstək, dən daşları və sürtgəclərə təsadüf olunur. Taxılı iri küplərdə, həm də evlərin yaxınlığında kərpicdən hörülmüş anbarlarda saxlayırdılar. Eneolit dövründə əhalinin təsərrüfatında əkinçiliklə bərabər heyvandarlığın da böyük rolu olmuşdur. Yaşayış yerlərində bəzən topa şəklində çoxlu heyvan sümüklərinə təsadüf edilmişdir. Əliköməktəpə yaşayış yerində bir sümük topasında öküz və ata aid qırx kürək sümüyü, dörd at, beş öküz kəlləsi və ev heyvanlarının xeyli başqa sümükləri var idi.
Həmin dövrdə yerli əhalinin heyvan sürülərində müxtəlif cins öküz və qoyunun varlığı maldarlığın artıq yüksək inkişaf səviyyəsinə çatdığını sübuta yetirir. Ev heyvanları içərisində donuz da var idi. Bəzi yaşayış yerlərinin, məsələn, Çalağantəpənin osteoloji materiallarına görə o, heyvandarlıqda hətta əsas yerlərdən birini tuturdu. Yalnız Muğanda Əliköməktəpə yaşayış yerində ev atının sümükləri tapılmışdır. Bu, nəinki Qafqazda, hətta bütün Avrasiyada ev atı haqqında ən qədim məlumatdır. Muğan düzü dünyada ev atının istifadə edildiyi ən qədim yaşayış yerlərindən biri olmuşdur.
Eneolit dövründə ev heyvanlarını başlıca olaraq ət məhsulu əldə etmək üçün saxlayırdılar. Ətraf mühitdən əlavə qida məhsulları almaq bu dövrdən insanların yardımçı peşələrindən birinə çevrilir. Bu məqsədlə əhali ceyran, quş, balıq və su quşları ovlayırdı.
Azərbaycanın eneolit qəbilələrinin süd məhsulları, o cümlədən yağ hazırlamasını göstərən birbaşa dəlillər olmasa da, onların bəzi süd məhsulları istehsalından xəbərdar olmasını güman etmək olar.
Beləliklə, qeyd olunan dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü qəbilələrinin təsərrüfatının əsasını artıq inkişaf etmiş əkinçilik və maldarlıq təşkil edirdi.
Eneolit dövründə sənət sahələri daha çoxcəhətli olur. Daş və sümük əşyaları hazırlama, dəriişləmə kimi ənənəvi peşələrlə yanaşı, yeni istehsal sahələri inkişaf edir. Burma və cilalanma texnikası tətbiq olunur. Ağacişləmə sənətinin inkişafı ilə əlaqədar daş baltaların cilalanması və itilənməsi geniş yayılır. Daş baltalar vasitəsilə toxa və bir çox başqa alətlərə sap hazırlanırdı. Daş toppuzların cilalanması və onlarda dəstək yerinin deşilməsi təcrübə və ustalıq vərdişi tələb edirdi.
Ağstafanın Aşağı Göycəli kəndində Töyrətəpə eneolit yaşayış yerində bir otaqda döşəmə üzərində nəhəng daş həvəng, zərbə daşı, parçalanmış daşlar, çoxlu sümük, o cümlədən yarımçıq qalmış sümük-məmulat, həm də alətlər üçün tədarük materialı tapılmışdır. Oradaca doqquz sümük toxa, maral buynuzundan ikideşikli boru, sümük qaşıq, beşdişli oraq, iki dən daşı və qaşıqvari sümük əşya var idi. Bu otaq, çox güman ki, sümük və başqa məmulat hazırlanan emalatxana olmuşdur. Dəri işləmə və dəri məmulatı hazırlama peşəsi də inkişaf etməkdə idi. Bir qayda olaraq dövrün yaşayış yerlərində külli miqdarda sümük bizlər tapılır. Bunlar isə dəridən paltar, ayaqqabı və başqa əşyaların geniş istehsalını sübut edir. Əliköməktəpədən tapılan boğazlı çəkmə formasında gil qab dəridən ayaqqabı hazırlanması ehtimalını yəqinliklə söyləməyə imkan verir.
Eneolit dövrünün son mərhələsinə aid bəzi abidələrdə Azərbaycanda toxuculuq peşəsinə aid daşdan, sümükdən və gildən iy başlıqlarına və çox zərif parça izlərinə rast gəlinmişdir.
Eneolit dövrü əhalisi daha çox qamışdan həsir, səbət və başqa məmulat hazırlayırdı. Evlərin döşəmələrində tez-tez həsir qalıqlarına rast gəlinir. Bəzən ölülərin də həsirə bükülməsi halları müşahidə olunmuşdur. Oturacaqlarında toxuma izləri qalmış gil qablara AZərbaycanın bir sıra rayonlarında rast gəlinmişdir. İstehsaledici təsərrüfatın yaranma və inkişafı dövründə ev sənətkarlığında dulusçuluq xüsusi yer tuturdu. Əhalinin artmaqda olan tələbatı gil qab istehsalını çoxaltmaq zərurətini doğururdu, bu isə təbii olaraq xüsusi dulus kürələrinin hazırlanmasına səbəb olurdu. Belə kürələrin qalıqları I Kültəpədə, Şomutəpədə, İlanlıtəpədə, Əliköməktəpədə, Çalağantəpədə aşkar olunmuşdur.İkiyaruslu kürələrin varlığı da müəyyən edilmişdir.Aşağı yarus kamerasında yanacaq yığılır, üst yarusda isə gil qablar qoyulurdu. Yanacaq kamerasının külfələri və damındakı gözlər vasitəsilə alov gil qablar düzülmüş üst kameraya daxil olur. Belə kürələrdə qab-qacaq, həm də, yəqin ki, iri təsərrüfat küpləri bişirilirdi.[16]
Qablar əldə hazırlanırdı, formaca onlar məhdud, əsasən, qalındivarlı, kobud işlənmiş və bişmə keyfiyyətləri də çox yüksək deyildir. Bəzi iri təsərrüfat küplərində qulpu əvəz edən qulaqcıqlar (çıxıntılar) vardır. Yalnız Əliköməktəpə yaşayış yerində adi qulpları olan kuzələr əldə edilmişdir.
Şərqi Zaqafqaziya dulusçuluq sənətində iki müstəqil zonaya ayrılır. Onlardan biri Kür vadisini, onun orta axınını, o biri isə cənub düzən rayonlarını əhatə edir. Kür vadisinin qabları bir qayda olaraq qısa dabanlı, rəngləri tutqun, qonur, üzərləri yüngülcə sığallı və yapma konusvari, qabarıq yapma xətlər və fiqurlarla bəzədilmişdir. Gilin tərkibinə qum, daş və saxsı xəkəsi qatılmışdır. Zaqafqaziyanın cənub rayonlarının saxsı məmulatı isə geniş oturacaqlı, açıq qırmızı rəngli, gilində bitki qatışığı, üzərinə şirə (anqob) çəkilmiş və cilalıdır. Naxış boya ilə vurulub, bəzən yapma bəzəklərə rast gəlinir.
Azərbaycanın Urmiya gölü ətrafı vilayətlərinin saxsı məmulatı bir qədər müxtəlifliyi və texniki mükəmməlliyi ilə seçilir. Orada Dəlmətəpə yaşayış yerinin dulusçuları yüksək ustalığa nail olub, gözəl boyalı qablar hazırlayırdılar. Boyalı qabların ən qədim nümunələri e.ə. VI minillikdə Hacı Firuz yaşayış yerindən əldə edilmişdir.
Eramızdan əvvəl IV minilliyin birinci yarısında gil qabların hazırlanmasında fırlanan primitiv dəzgahdan istifadə olunması Azərbaycanın dulusçu sənətkarlığında tamamilə yeni mərhələ idi. Qablar yüksək keyfiyyəti, çox müxtəlifliyi ilə seçilir. Ağdam rayonunda Leylatəpə yaşayış yerindən alınan məlumata görə, bu dövrün qabları dairəvi planlı ikiyaruslu dulus kürələrində bişirilirdi. Eneolit dövrünün daha qədim yaşayış yerlərinin dulus kürələri isə uzunsov oval formada olmuşdur. Zaqafqaziyanın Eneolit dövrü əhalisinin metalla tanışlığı barədə tapılmış mis əşyalara görə mühakimə yürütmək olar.
Qazax rayonunun Qarğalartəpəsi yaşayış yerindən mis lövhədən hazırlanmış muncuq, Əliköməktəpədən iki mis muncuq və biz, Urmiya rayonunda Göytəpədən isə üç mis əşya qırığı tapılmışdır. Göytəpə tapıntılarından biri bıçaq tiyəsinin hissəsidir. Nisbətən çox metal, o cümlədən üç mis - mərgmüş qatışıqlı əşya I Kültəpənin ən qədim mədəni təbəqəsindən məlumdur. Buradan dördtilli biz, rombvari lövhə, iki muncuq və üç naməlum əşya qırığı əldə edilmişdir. Leylatəpə yaşayış yerindən isə daha çox metal, o cümlədən mismərgmüşnikel qatışıqlı əşya, ən başlıcası isə, Qafqazda metal əritməyə aid ən qədim maddi qalıqlar tapılmışdır.
Azərbaycanın erkən əkinçi mədəniyyətinin inkişafı Qafqazın və Ön Asiyanın qonşu rayonları ilə təmasda və qarşılıqlı əlaqədə keçmişdir. Mərkəzi Zaqafqaziyanın ən qədim yaşayış yerlərində dairəvi planlı kərpic tikililər inşaatda ənənəvi formanı təşkil edir. Eyni vaxtda belə tikililər Şimali Mesopotamiyada geniş, yayılmışdır. Dairəvi planlı çiy kərpic memarlığını Yaxın Şərqdə yayan Xalaf mədəniyyəti qəbilələri olmuşdur.
Xalaf qəbilələrinin tarix səhnəsinə çıxması ilə Ön Asiyada əlaqələr, etnomədəni proseslər nəzərə çarpacaq dərəcədə genişlənir. Zaqafqaziyanın, o cümlədən Azərbaycanın eneolit qəbilələrinin dairəvi planlı tikililəri ilə Xalaf qəbilələri tikililəri arasındakı münasibəti konkret izah etmək çətindir. Ancaq güman etmək olar ki, həmin regionların inşaatında yeni formalı tikililərin geniş yayılması müəyyən qarşılıqlı əlaqələrin nəticəsində mümkün olmuşdur.
Arxeoloji materiallar göstərir ki, Azərbaycan qəbilələri ilə Mesopotamiya qəbilələri arasında əlaqələr bütün Eneolit dövrü ərzində olmuşdur. Belə ki, Naxçıvanın Kültəpə yaşayış yerinin qədim mədəni təbəqəsindən Cənubi Qafqazın Xalaf mədəniyyəti sakinləri ilə əlaqələrin ilkin çağlarını əks etdirən boyalı Xalaf çölməkləri tapılmayıbdır.
Azərbaycanın Mesopotamiya ilə sonrakı (V minilliyin sonu, IV minilliyin əvvəli) əlaqələri Obeyd mədəniyyəti materiallarında öz əksini tapmışdır. Obeyd boyalı qab nümunələri Cənubi Azərbaycanda Urmiya gölünün hövzəsində, həm də Qafqaz yaşayış yerlərindən tapılmışdır. Uzunmüddətli əlaqələr və təmas nəticəsində Azərbaycan Obeyd qəbilələri üçün tanınan bir ölkə olmuş və yəqin ki, onların diqqətini cəlb etmişdir. Qarabağ düzənliyində Xındırıstan kəndi yaxınlığındakı Leylatəpədə memarlıq formaları, dulusçuluq kürələri, dulus məmulatı bu ərazidə əsrlərlə davam edən yerli mədəniyyətdən tamamilə fərqlənir. Bir sıra faktik dəlillər (iki boğazlı qablar, boğazlarında üfüqi gözlər olan küpələr və s.) Şimali Mesopotamiyanın, məsələn, 3-cü Yarımtəpə Obeyd yaşayış yerində eyni ilə təkrar olunur. Belə vəziyyət isə eramızdan əvvəl IV minilliyin birinci yarısında Qarabağ düzənliyində bina salmış qəbilələrin Mesopotamiyadan köçməsinə şübhə yeri qoymur.
Eneolit dövründə əlaqələrin istiqaməti tək Mesopotamiya ilə bitmirdi. Arxeoloji materiallar Azərbaycanın şərq və cənub vilayətlərlə əlaqələrini müəyyənləşdirməyə imkan verir. Bu cəhətdən bəzək əşyalarının xüsusi əhəmiyyəti vardır. Kültəpə və Çalağantəpə qəbirlərində bəzi daş növlərindən hazırlanmış muncuqlar, şəksiz, buraya gətirilmədir. Firuzə daşından muncuqlar bu qəbildəndir. Firuzə daşı qədimdə Əfqanıstan və Şərqi İrandan Ön Asiyanın bir çox rayonlarına yayılırdı.
Kültəpə, Çalağantəpə və başqa yaşayış yerlərinin sakinləri sümükdən və daşdan bəzək hazırlama məharətinə malik idilər. Ancaq bəzi qəbirlərdən mindən artıq muncuğun tapılması onların qonşu ölkələrdən mübadilə məqsədi üçün gətirilməsini söyləməyə əsas verir. Çalağantəpədə bir uşaq qəbrindən tapılan iki mindən artıq muncuğun 1580 ədədi sədəfdən düzəldilmişdir. Başqa qəbirlərdə də belə, həm də qara, boz rəngli bərk daşdan çox zərif işlənmiş cilalı muncuqlara rast gəlinmişdir. Görünür, harada isə cənubda, dənizsahili rayonlarda mübadilə üçün sədəfdən külli miqdarda muncuq hazırlanırmış.
Eneolitin son dövründə Azərbaycan qəbilələri Ön Asiyanın qonşu rayonlarının əhalisi ilə nisbətən intensiv əlaqələrdə olmuşdur. Mövcud əlaqələr bəzən Mesopotamiyadan Azərbaycana ayrı-ayrı qəbilə qruplarının köçməsinə gətirib çıxarırdı.
İbtidai icma quruluşunun, o cümlədən erkən əkinçilik dövrünün əsasını istehsal vasitələri üzərində ictimai mülkiyyət təşkil edirdi. Azərbaycanda erkən əkinçi cəmiyyətinin quruluşunu aydınlaşdırmaq üçün əsasən arxeoloji dəlillərə, o cümlədən məişət və dəfn abidələrinə müraciət edilir. Dövrün yaşayış məskənləri təsərrüfat-məişət komplekslərindən ibarət tikililərin sıxlığı ilə səciyyələnir. Yaşayış otağı, ərzaq anbarı və həyətyanı sahələrdən ibarət belə komplekslər arakəsmə, kərpic divarlarla bir-birindən ayrılır. Bu komplekslər sosial-iqtisadi inkişafın müəyyən mərhələsində yaranır. Görünür, onlar cüt nikah əsasında qurulmuş ailə ilə bağlıdır. Belə ailə özünün mənzil, anbar və həyətyanı sahəsini ayırmaq labüdlüyünü doğurur. Belə cüt nikah ailələr həmin dövrün cəmiyyətinin ictimai əsasını təşkil edirdi. Bir neçə ailə təsərrüfatla birgə məşğul olur: taxıl tarlaları,mal-qara və otlaqlar icmanın himayəsində idi. Birgə görülən iş və birgə istifadə olunan hər şey ümumi mülkiyyəti təşkil edirdi. Lakin kollektiv təsərrüfatın məhsulu beş-yeddi üzvdən ibarət ailələr arasında illik pay kimi bölünürdü. Ailədə kişi rəhbərliyi özünə mövqe qazanır. Bununla belə, erkən əkinçilik cəmiyyətində qadının hörməti və xüsusi mövqeyi var idi. Zaqafqaziyanın eneolit məskənlərindən yalnız bəziləri nisbətən böyük sahəyə malikdir. Onlarda sayca çox olan kollektiv yaşayırdı. Görünür, belə kollektivləri başında ağsaqqallar şurası duran icma təşkilatı idarə edirdi. Onun təsir dairəsində məhdud ərazidə iri məskənlər ətrafında yerləşən bir neçə əkinçi məntəqəsinin daxil olması ehtimalını söyləmək olar.
Erkən əkinçilərin dəfn abidələri sosial ayrılmaların zəif mərhələsini əks etdirir. Ancaq ərazisi Kültəpə və Çalağantəpə yaşayış yerlərində tədqiq olunan bəzi qəbirlərdə nisbətən zəngin materiallara rast gəlinmişdir. Erkən əkinçilik mədəniyyətinin inkişafı dövründə daş toppuzların yayılması diqqəti cəlb edir. Zaqafqaziyada onlar həm yaşayış yerlərinin materialı içərisində, həm də tək-tək qəbirlərdə tapılmışdır. Xüsusi daş növlərindən hazırlanmış və səylə cilalanmış bu əşyalar hakimiyyət rəmzi kimi görünür, ağsaqqal və ya nəsil başçılarına mənsub olmuşdur.
Yerli cəmiyyətin ictimai həyatında nəzərə çarpan mürəkkəbləşmə sonrakı, İlk Tunc dövründə baş verir - patriarxal münasibətlər möhkəmlənir, hakimiyyət qəbilə başçılarının əlində cəmləşir.
Dəfn adətləri, heyvanların əhliləşdirilməsi, dənli bitkilərin becərilməsi və müxtəlif ev sənətkarlığının inkişafı sayəsində bu dövrdə ibtidai insanın dərketmə qabiliyyəti xeyli artır – və yeni ayinlər yaranır, dil zənginləşir, insanların təsəvvürləri xeyli mürəkkəbləşir.
Dini adətdə, əvvəllər olduğu kimi, əcdadlara pərəstiş mühüm yer tuturdu. Erkən əkinçi qəbilələrin çoxunda, o cümlədən Azərbaycanda ölünü bilavasitə yaşayış yerləri ərazisində dəfnetmə adəti yayılmışdı. Tədqiqatçılar adətən onu yenidən doğulma, həyata qayıtma ideyası, son nəticədə məhsuldarlıq, ailə və nəsil artımı ilə səsləşən ideya ilə bağlayırlar. Ola bilsin ki, bu ideya zəminində ölülərin üzərinə qırmızı boya tozu (oxra) səpmək adəti meydana gəlmişdi. Yaşayış yerlərində ölülər basdırılarkən həsirə bükülür, qəbir çuxuruna gil suvaq çəkilirdi. Yaşayarkən malik olduqları bəzək əşyalarına toxunulmur, qəbirə qoyulurdu. Axirət dünyasına inamla əlaqədar olaraq qəbirə gil qablar, əmək alətləri və başqa əşyalar da qoyulurdu. Ölülər tək, bükülü vəziyyətdə, bəzən isə bir neçəsi birlikdə dəfn olunurdu.
Azərbaycanın erkən əkinçiləri adət və ayinlə əlaqədar olaraq əsasən yaşayış məskənlərində xüsusi ibadət yerlərində müxtəlif mərasimlər keçirirdilər. Təbiətin dərkolunmaz hadisələrini aydınlaşdırmaq cəhdi, onlar qarşısında qorxu və acizlik, insanlarda magik vasitələrə (lənət və s.), müxtəlif dini aktlara (yalvarma, dua) müraciət etmək tələbatını doğururdu. Əliköməktəpə yaşayış yerində divarı gillə suvanmış və ağardılmış tikilini ibadətgah hesab etmək olar. Ağardılmış divara boya ilə naxış vurulmuşdur. Divarı ağardılmış və boya ilə naxış vurulmuş bina Çalağantəpə yaşayış yerində də aşkar olunmuşdur.
Azərbaycanın yaşayış məskənlərində təsadüf olunan qaralmış hisli daşların magiya ilə əlaqəsi olduğunu güman etmək olar. Qarğalartəpəsi yaşayış yerində belə daşlara təklikdə və koma halında rast gəlinmişdir. Burada gildən xüsusi düzəldilmiş, diametri 0,7 m olan təknəvari bir çuxurda 250 ədəd hisli daş qalağı aşkar olunmuşdur. Çuxura ot yığıb yandırdıqdan sonra daşlar qəsdən oraya atılmışdır. Çuxurun dibi yanıq qatla örtülü idi. Burada quraqlığa qarşı, onu mülayimləşdirmək niyyətini güdən və yağışı çağıran ayinlə əlaqədar aparılmış mərasimin qalıqlarını görürük. Azərbaycanın yaşayış yerlərində insan surətini əks etdiren fiqurlar erkən əkinçilərin ideoloji təsəvvürləri haqqında müəyyən məlumat verir. Yanıqtəpədə daşdan düzəldilmiş insan fiqurunun rənglənmiş baş hissəsi tapılmışdır. Onun gözü qara rənglə göstərilmişdir. Hacı Firuzdan gil qadın fiquru və başqa insan fiquru hissələri əldə edilmişdir. Demək olar ki, məlum olan bütün antropomorf fiqurlar qadına aid olub məhsuldarlıq ideyasını təcəssüm etdirirlər. Çalağantəpədən tapılan fiqurlar çox təmtəraqlı bəzədilmişdir. Onlarda boyunbağı, qurşaq kəmərləri, saç hörüklər fiqurların qadına mənsub olduğunu söyləməyə əsas verir. Fiqurlar yarımboydur, qol və qıçları verilməmişdir.
Qarğalartəpəsi fiqurunda yuxarıdan aşağı qadın hörüklərini əks etdirən dalğavari xətlər uzanır. Belə xətlər üfüqi istiqamətdə qıçlar üzərində çəkilmişdir. Etnoqrafiyadan məlumdur ki, qadınlar məhsulu təbii fəlakətdən xilas etmək niyyəti ilə saçlarını tökərək cadugərlik vasitələrinə əl atırlar; görünür, burada yağış çağırmaq əqidəsi özünü göstərir.
Örnəklərin məhdudluğuna baxmayaraq, onlar Azərbaycanın qədim əkinçimaldar əhalisinin ideoloji təsəvvürlərinin müxtəlifliyi haqqında mülahizə yaradır.