Muğan xalçası

Muğan xalçaları — müxtəlif format və müxtəlif proporsiyalara malik xovlu xalça.

Xalça
Muğan xalçası
Xalça haqqında məlumatlar
Məktəbi Qarabağ xalçaçılıq məktəbi
Növü Xovlu xalçalar
Ölkə Azərbaycan
Bölgə Muğan
Toxunması haqqında məlumatlar
Üslubu Qarabağ xalçaçılıq məktəbi[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu xalçaların adı Azərbaycanın cənub–şərqində, Kür ilə Araz çayları arasında yerləşən böyük ərazinin adı ilə əlaqədardır. X əsrdə yazılmış "Hüdud–əl Əlyamin" əsərində qeyd edilirdi ki, Muğanda çoxlu sayda çuvalpalazlar toxunur. Yaşlı xalçaçıların hekayələrindən belə anlaşılır ki, Muğan xalçaları Şirvan xalçalarına nisbətən daha yüksək keyfiyyətli hesab edilirdi. Yumşaqlıq, zəriflik, hamarlıq və rənglərin ahəngdarlığı Muğan xalçaları üçün səciyyəvi hesab edilirdi.[2]

Müxtəlif üsullarda toxunulan "Muğan xalçaları" əsasən iki üsulla toxunmuşdur:

  • I üsul.

Azərbaycanın şərqində "Qarmaqlı xalçalar", qərbində isə "Quyrumlu xalçalar" adını almış xalçaların əsas bəzəyi xalçaçılar arasında "kehna–naxış" adını almış qarmaqvari elementlərdən ibarətdir. Azərbaycan xalçaçılıq sənətində geniş yayılmış və tarixi qədimlərə gedib çıxan bu elementlərə Orta Asiyada və Əfqanıstanda toxunmuş xalçalarda da rast gəlmək mümkündür. Maraqlıdır ki, XIII – XIV əsrlərdə toxunmuş, bədii quruluşu yalnız bu elementlərdən ibarət olan xalçalarla XX əsrin əvvəllərində toxunmuş xalçalar arasında böyük bir fərq yoxdur. Burada söhbət elementin daxili bəzədilməsindən deyil, onu xaricdən təşkil edən və bəzəyən dişciklər və qarmaqlardan gedir. Tədqiqatlar göstərir ki, həm orta əsrlərdə, həm də indi toxunan xalçalarda bu elementin ətrafında 12 qarmaq, ona diaqonal olaraq isə 3 qarmaq yerləşdirilir. Niderland rəssamı Hans Memlinq (1438 – 1494) özünün "Madonna körpəsiylə" əsərində bu xalçadan dekor vasitəsi kimi istifadə etmişdir. Lakin, görünür, o, bu elementin mənasını bilmirmiş, buna görə də 12 əvəzinə 8 qarmaq rəsmi çəkmişdi. Fərz etmək olar ki, Hans Memlinqin əsərindəki qarmaqların sayı elementin mərkəzində yerləşən səkkizguşəli ulduzun sərhədlərinə müvafiqdir. Türkmənistanın xalçaçıları həmin elementi "Qırx qoçaq" ("Qırx buynuz") adlandırırlar. Lakin Gəncənin və Qarabağın xalçaçıları qeyd edirlər ki, bu element "damğa"dır, onun ətrafında yerləşən 12 qarmaq isə 12 il mənasını verir. Məlumdur ki, qədim türklərin, o cümlədən, azərilərin təqvimlərində il hesablanması yalnız günlər və aylar üzrə deyil, həm də 12 il üzrə aparılırdı. Hər bir il hər – hansı bir heyvanın (bürcün) adı ilə bağlı olurdu. Haqqında danışılan elementin mərkəzində səkkizguşəli ulduz və ya xalçaçıların dörd buynuz adlandırdıqları təsvir qoyulur. Bu, həyat mənbəyi olan dörd ünsürə işarədir. Sankt–Peterburqda "Ermitaj" muzeyində qorunan "Muğan xalçası"nın orta sahəsində qellər arasında buludu ifadə edən ziqzaqvari element vardır. XIX əsrdən başlayaraq, budaqlardan təşkil edilmiş haşiyəli "Muğan xalçaları"na rast gəlinir.

  • II üsul.

Bu xalçalar xalçaçılar və sənətşünaslar arasında "Çiçəkli Muğan" adını almışdır. Onun orta sahəsi hər biri özünəməxsus mənaya malik olmaqla müxtəlif formalı elementlərdən ibarətdir. Bir–birindən böyük məsafədə yerləşən qellər, onların arasındakı aralıqları dolduran, xalçaçıların "qadın zinəti" adlandırdıqları elementlər, həmçinin gül dəstələri və digər elementlər bu üsulla toxunan xalçanın səciyyəvi xüsusiyyətləridir.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Muğan xalçaları" müxtəlif format və müxtəlif proporsiyalara malikdir.

"Muğan xalçaları" XIX əsrdə düyünlərin böyük sıxlığı ilə seçilən xalçalar toxunurdu, XIX əsrin IV rübündən isə daha xırda sıxlıqlı xalçalar toxunmağa başladı.[3]

  1. rstml Karabakh Carpets – Designs and Patterns (ing.). 2010.
  2. Qarabağ xalçaları [ölü keçid]
  3. "Muğan xalçası". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-11.