Məhəmməd Xiyabani üsyanı
Məhəmməd Xiyabani üsyanı — Qacarlar dövründə Cənubi Azərbaycanda mərkəzi hakimiyyətə qarşı Şeyx Məhəmməd Xiyabani tərəfindən başladılan liberal və demokratik üsyan. Üsyan 5 aprel 1920-ci ildə başladılmış və 14 sentyabr 1920-ci ildə Xiyabaninin öldürülməsi ilə sonlandırılmışdır.
Üsyanda Azərbaycan əhalisinin mərkəzdən narazılığı, illərdir bitmək bilməyən dağınıqlıq və ölkədə hakim olan xarici təsirlərə qarşı mübarizə istəyi əsas rol oynamışdır.
İran azərbaycanlıları məşrutə hərəkatı zamanı çox mühüm rol oynamışdılar. Nikki Keddie bu prosesi belə təsvir edir:75
Təbriz və onun ətrafındakı Azərbaycan əyaləti inqilabın inkişaf etmiş əsasını təşkil edirdilər, iqtisadi olaraq daha modernləşmiş, beynəlxalq ticarətlə geniş şəkildə məşğul olan, səyahətlərlə və miqrasiya ilə bənzər şəkildə türkdilli olan İstanbula və Rusiya Transqafqaziya (buraya hər il minlərlə insan ya müvəqqəti, ya da davamlı olaraq miqrasiya edirdi və buradan silahlar ixrac edilirdi) ilə əlaqədə olan Təbriz avanqard rolunu oynamaq üçün yerləşmişdi. Bəzi təbrizlilər və digər azərbaycanlılar hətta Qafqazda öyrəndiklıri sosialist ideyaları təbliğ edir, kiçik Sosial Demokrat Partiyası da qururdular.
İran Məşrutə inqilabı, onun gedişatı, nəticəsinin uğursuzluğu zəlzələ və əsas zəlzələdən sonra da afterşok effekti formalaşdırdı. Zəlzələ inqilabın özü idisə, afterşoklar da Gilandakı Cəngəli, Xorasandakı polkovnik Pesyan və Məhəmməd Xiyabani üsyanarı idi. İranın bu dövrdəki sosio-siyasi vəziyyəti, ölkəyə Rusiya və Böyük Britaniya müdaxilələri, mərkəzi hökumətin zəifliyi, əsasən qısaömürlü və asılı şəxslərin rəhbərliyində müxtəlif lokal hökumətlərin qurulması ölkənin müxtəlif yerlərində üsyanların meydana çıxmasına yol açan faktorlar idi. 1919-cu il Anqlo-İran müqaviləsinin Vüsüq əd-Dövlə tərəfindən ratifikasiya edilməsi və Təbrizdə rusların öldürülməsi nəticəsində 1911-ci ildə İrana rus ultimatumunun verilməsi məşrutə hərəkatının əsas hədəflərinə vurulmuş son zərbə oldu.