Şah İsmayıl Xətayi
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil – 23 may 1524[…], Ərdəbil) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; Azərbaycan şairi, Azərbaycan türklərinin piri. O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.
Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır.
I Şah İsmayılın 6-cı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334).