I Kültəpə yaşayış yeri (Babək)
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni.
== Ümumi məlumat ==
Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir.
== Kültəpədəki arxeoloji tapıntılar ==
1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.