Raymonda Xıdır-zadə
Raymonda Xıdır-zadə (Raymonda Zaur qızı Xıdır-zadə; 10 fevral 1967, Bakı) — Beynəlxalq Dizaynerlər İttifaqı Assosiasiyasının, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, Azərbaycanda fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Jenevədə keçirilən CQE-nin XIV Beynəlxalq konvensiyasının, “Əsrin keyfiyyəti” beynəlxalq mükafatının laureatı.
== Həyatı və təhsili ==
Raymonda Xıdır-zadə 1967-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olubdur. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib, Bakı şəhərində Tikinti Layihə İnstitutunda proqramçı-mühəndis vəzifəsində, 1992-ci ildən 1997-ci ilə qədər Futurologiya Universitetində riyaziyyat və fizika fənlərindən azərbaycan və rus bölmələrində mühazirə dərsləri aparmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetində fizika fakültəsinin ümumi fizika kafedrasında baş laborant, 2000-ci ildə mexanika-riyaziyyat fakültəsində “diferensial tənliklər” kafedrasında elmi işçi vəzifəsində çalışmışdır. 1998-ci ildə “Ümumiləşmiş idarəsi olan parabolik tənliklə təsvir olunan sistemlərdə optimal idarəetmənin bəzi məsələləri” mövzusunda disertasiya işinə başlayıb 2001-ci ildə müdafiə etmişdir. 2004-cü ilə qədər BDU-da mexanika-riyaziyyat və fizika fakültələrində mühazirə və seminarlar, 2004-2006-cı illərdə Sumqayıt Dövlət Universitetində “funksional analiz” kafedrasında mühazirə və seminarlar aparmışdır.
== Fəaliyyəti ==
=== Əmək fəaliyyəti ===
2006-cı ildə Raymond-Art floristika və dizayn studiyasını təsis etmişdir. Azərbaycanın müxtəlif şəhərlərində və bir sıra xarici ölkələrdə ( Turkiyə, Hollandiya, Almaniya, İtaliya, İngiltərə, İspaniya, Fransa, İsveçrə, Rusiya) landşaft dizaynı, floristik və dekorativ layihələrin müəllifi və icraçısıdır.
Bakı şəhərindəki layihələrdən
2008-2010-cu illərdə Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhəri H.Əliyev parkında “Gül bayramı” layihəsinin dizayner-rəssamı;
2008-2010-cu illərdə Bakı şəhərində Dənizkənarı parkda “Qayıdış günü”, ”Dirçəliş günü” kimi tarixi təqvim günlərinə həsr olunan konsert səhnələrinin dizayn-tərtibatı və dekorasiyalarının müəllifi;
2008-2010-cu illərdə Novruz bayramı ilə əlaqədar Bakı şəhərində yerinə yetirilən tərtibat işlərinin icraçısı;
Qanlı 20 Yanvar faciəsinin 20-ci ildönümündə “Aglayan şamlar” floristik kompozisiyasının müəllifi;
Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq Zərifə Əliyevanın məzarları ətrafinda landşaft dizaynının müəllifi;
Bakı şəhərindəki Şəhidlər Xiyabanı və bir sıra parkların: Hüseyn Cavid, Səməd Vurğun, Elmlər Akademiyası və s.