f. 1. Atəş açmaq üçün tüfəngin, tapançanın çaxmağını çəkib buraxmaq; atəş açmaq; güllə ilə vurmaq.
Səttar daxılı çəkir, tapançanı çıxarıb Kəblə Heybətin kürəyinə bir güllə çaxır. H.Sarabski.
Həmin saat tüfəngin iki gözünü də çaxdım, ancaq heç biri dəymədi. M.Rzaquluzadə.
2. Birdən-birə işıldamaq, parıldayıb bərk şaqqıldamaq (ildırım, şimşək haqqında). Şimşək çaxdı.
– Faytonun içərisini sükut bürümüşdü, bayırda isə şiddətlə yağış yağır, göy guruldayır və ildırım çaxırdı. M.S.Ordubadi.
Gün çıxar, qar yağar, ildırım çaxar; Əgər tənha olsa, dağ da darıxar. N.Xəzri.
// Obrazlı təşbehlərdə işlədilir.
Kinli ürəklərdə bəslənən şimşək; Başında partladı, gözündə çaxdı. M.Müşfiq.
Dəmirqayanın gözləri alovlanır, baxışlarından ildırımlar çaxırdı. H.Nəzərli.
// Vurmaq, ilişdirmək. Başına bir yumruq çaxdı.
// Əllə və ya əldə tutulan bir şeylə vurmaq; qaxmaq. Mıx çaxmaq.