Afaq Məsud
Məsud Afaq Məsud qızı (3 iyun 1957, Bakı) — Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru.
== Həyat və fəaliyyəti ==
Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Roman, pyes, esse və hekayələr müəllifidir.
Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir.
Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə).