Bəşir Atalay
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub.
== Yaşamı və akademik karyerası ==
Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub.
== Siyasi karyerası ==
2002-ci ilin ümumi seçkilərində o, AKP-dən Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib.
== Şəxsi həyatı ==
Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.