Rəng bildirən bu sözün başqa dillərdəki qarşılığı “parıltı” (блеск) mənasını əks etdirir. Məsələn, rus dilindəki белый kəlməsi tarixi baxımdan qədim hind dilinə mənsubdur və hindlərdə parıltı anlamında işlədilib, ruslarda da həmin mənanı qoruyub saxlayır. Mənbələrdə ağ sözünün “işıq”, “od” mənaları qeydə alınıb. “İzahlı lüğət”də S.M.Qənizadədən belə bir cümlə verilib: “Gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər zəhmətdən fövqdür”. Zənn edirəm ki, buradakı al gün birləşməsi elə “parıldayan gün” deməkdir. Əgər belədirsə, onda ağ sözü tarixən al formasında olub və “блеск” anlamını əks etdirib.
Dilimizdə şalvarın ağı birləşməsi də işlədilir (şalvarın ağı sökülüb... deyirlər). Qədim mənbələrdə ağ sözünün bir mənası da “qıçın yanbuz tərəfindəki hissəsi” anlamını eks etdirib. Burada da ağ kəlməsi “yuxarı”, “hündür” mənasında işlədilib. Rusca “подъем” mənasını verən ağım sözümüz olub. Ağ ad - feil omonimi olub.
Bu sözün bir mənası “yan tərəfə əyilmək” demək olub. Güman ki, əyilmək feili də bunun dəyişmiş formasıdır. Ağsamaq sözü də buradandır.