Ağdaş Dram Teatrı
Ağdaş Dram Teatrı — Nəcəf bəy Vəzirov adına Ağdaşda fəaliyyət göstərmiş Dövlət Dram Teatrı.
== Tarixi ==
1939-cu ilin sonlarında yaradılıb və Nəcəf bəy Vəzirovun adı verilib. İlk tamaşası 1 yanvar 1940-cı ildə Sabit Rəhmanın "Toy" komediyası olub. Bundan sonra Üzeyir Hacıbəyovun Leyli və Məcnun operası səhnəyə qoyulmuşdur. Teatrın bədii rəhbəri ayrı-ayrı vaxtlarda Məmmədəli Qasımov, Cəlil Bağdadbəyov, Yusif Yulduz, Ağəli Dadaşov və İbrahim Qaradağlı olublar. Rəssamlar Bəhram Əfəndiyev, Tələt Şaxtaxtinski, Əsgər Abbasov, Gülməmməd Əliyev, İvan Qorbunov müxtəlif tamaşalara səhnə tərtibatı veriblər. Musiqi hissə müdiri müxtəlif vaxtlarda Əhməd Ağdamski və Əkrəm Əfəndiyev idi. Truppanın üzvləri: Məmmədəli Qasımov, Ümid İsrafilov, Arif Hacıyev, Rasim Səmədov, Əbülqasım Məmmədov, Cəmil İmanov, Ağaisa Məmmədov, Habil Məmmədov, Məhərrəm Novruzov, Qafar İsgəndərov, Rza Nadirov, Ağaibrahim Əzizov, Mustafa Süleymanov, Bəhram Çələbiyev, Böyükağa Abbasov, Məmmədtağı Cəfərov, Yəhya Əhədzadə, Habil İsmayılov, Qəzənfər İsmayılov, Rasim Səmədov, Rəhimə Tağıyeva, Rübabə İmanova, Şərqiyə Pepinova, Səfurə Həsənzadə, Tamara Abbasova, Şəfiqə Hüseynova, Şərqiyə Həsənova, Lyuba İmanova, Yelena Çtanova, Olya Nadirova, Marusya Hacıyeva, Rəhilə Tağıyeva, Cəmilə Bədirli.
Xalq artistlərindən kaman ustası Habil Əliyev (musiqi dəstəsində) və Gəncə Teatrının aparıcı sənətkarlarından olan Sədayə Mustafayeva bir müddət bu kollektivdə çalışıblar. Rejissor və aktyor İbrahim Qaryağdı 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.