Böyük dəmrovotu
Böyük dəmrovotu (lat. Chelidonium majus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin dəmrovotu cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik ot bitkisidir. Kökləri mil və qol-budaqlı olub, xaricdən qırmızı-qonur, daxili hissəsi isə sarı rənglidir. Gövdəsi 1m-ə qədər, düzqalxan, yuxarıdan budaqlanan, çılpaq, düyünlü və ya tükcüklüdür. Yarpaqları növbəli, yuxarı hissədən göyümtül, oturaq və lələkvari bölünmüş, aşağı hissəsi isə saplaqlıdır. Yarpaq seqmentləri dairəvi yumurtaşəkilli və ya dairəvi-dişciklidir. Çiçək ləçəkləri dörd açıq-sarı, düzgün, uzunluğu 5-10 sm, sadə çətirdən ibarət olmaqla, saplaqlıdır. Kasacığı 2 kasayarpağından ibarət, qınlı, təkyuvalı qutucuqdan ibarət olub, açılan qapayıcı qapağı vardır. Bitkinin bütün hissələrı tünd-sarı rəngli olub, içərisi təbii şirədən ibarətdir.