İnternet fenomeni
İnternet fenomeni, sosial media şəxsiyyəti, influyenser, və ya mikro-məşhur — internet vasitəsilə öz şöhrətini qazanmış və ya inkişaf etdirmiş şəxslərin ümumi adıdır. Sosial medianın yüksəlişi nəticəsində insanların bir hissəsi qlobal pərəstişkarlar və izləyicilər bazası əldə etmişdirlər.
İnternet fenomenləri müntəzəm olaraq müəyyən bir həyat tərzini və ya münasibəti təbliğ edən həyat tərzi qurusu kimi fəaliyyət göstərirlər və onlar moda, texnologiya, kompüter oyunları, siyasət, əyləncə və digər məsələlərə əhəmiyyətli təsir göstərə bilirlər. Bundan əlavə influyenserlər (sosial mediaya təsir göstərməyi bacaran insanlar) müxtəlif şirkətlər tərəfindən öz platformalarında bu şirkətin məhsullarını pərəstişkarlarına və izləyicilərinə tanıtdırmaq üçün işə götürülə bilərlər.
== Tarixi ==
İlk sosial media platforması hesab olunan SixDegrees.com 1997-ci ildə istifadəyə verilmişdir. İstifadəçilər bir profil yaradaraq digər istifadəçilərlə dostluq münasibətləri yarada bilirdilər.
O vaxtdan etibarən sosial media təkcə ünsiyyətin deyil, eyni zamanda da sosial həyatın, iş həyatının və xəbərlərin mərkəzi bir hissəsinə çevrilmişdir. Hal-hazırda dünyada ən populyar olan sosial media platformalarından bəzilərinə Facebook, YouTube, WhatsApp, WeChat, Instagram, Tik Tok, Twitch və Twitter kimi sosial media platformalarını nümunə göstərmək mümkündür.
== YouTube fenomenləri ==
YouTube ulduzlarının Y nəsli (gənc nəsil) üstündə ənənəvi fenomenlərdən daha çox təsiri olduğu hiss edilir. Bunun əsas səbəblərindən biri budur ki, bu nəsil televiziyaya baxmır və mobil cihazlar vasitəsilə daxil ola biləcəkləri platformalardan istifadə etməyə üstünlük verirlər.