Kalafat Mehmed Paşa
Kalafat Mehmed Paşa (Sofiya, Osmanlı imperiyası – 8 may 1793, Gelibolu, Osmanlı imperiyası) — I Əbdülhəmid səltənətində ümumilikdə 11 ay 21 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
== Həyatı ==
Həyatından bəhs edən tarixi mənbələrdə Sofiya yaxınlığındakı bir kənddə doğulduğu, yerli əyanlardan Çələbi Mehmed ağanın imarətində kəhya olaraq xidmət edərkən İslamı qəbul etdiyi və daha sonra gəldiyi İstanbulda yeniçəri ocağına yazıldığı bildirilir. Buradakı xidmət müddəti boyunca hansısa bir ləqəb almamasına kinayəylə Mülakkab (ləqəbsiz) Mehmed ağa olaraq anılmış, kalafat ləqəbini isə sədarəti dönəmində qazanmışdır. Çağdaşı olan bir çox tarixçi onun bir illik sədarətinin xələfi Qaravəzir Mehmed Paşa üçün hazırlandığını iddia edərək, "gəmilərin qatranlanması üçün xizək üzərinə alınması" mənasını verən kalafat ləqəbini Mehmed Paşaya məhz bu səbəblə vermişdir.
Onu yeniçəri ocağına daxil edən Kilçizadə Mustafa ağanın yeniçəri ağası olmasıyla, 1748-ci ilin fervalında onun silahdarlığına təyin olunan Mehmed ağa uzun illər ocaq daxilində fərqli vəzifələrdə xidmət etdi və 12 avqust 1770-ci ildə yeniçəri ağalığına gətirildi. Ancaq bu vəzifədə üç ay qala bildi. Belə ki, davam edən müharibə səbəbilə sayı azalan və nizamı pozulan ordunu tənzimləməkdən aciz olması bəhanə edilərək həmin il 29 noyabrda vəzifədən alındı və Təkirdağa sürgün edildi.
Onun bağışlanaraq İstanbula qayıtması isə III Mustafanın vəfatından sonra reallaşdı. Belə ki, I Əbdülhəmidin göndərdiyi fərmanla 19 mart 1777-ci ildə ikinci dəfə yeniçəri ağalığına təyin olundu. Kiçik Qaynarca sülhündən sonra ruslara qarşı tədbir görmək və müharibədə hərbi uğur qazana biləcək yeni bir sədrəzəm axtarışında olan Sultan Əbdülhəmidin əmriylə yeniçəri ağalığından birbaşa sədrəzəmliyə təyin edilmişdir (1 sentyabr 1778).