Kredit
Kredit (lat. creditum) — bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.
Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.
Bank krediti – bank tərəfindən borc alanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür.
Kredit sisteminin 2 forması mövcuddur:
Funksional forma
İnstitusional forma.
Funksional forma - kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür.
İnstitsional forma - maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür.
Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır.