Qırmızı meyvəli ardıc
Qırmızımeyvəli ardıc (lat. Juniperus phoenicea) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Qafqaz, Krım, İran, Türkiyə, Balkan yarımadasında, Aralıq dənizi boyunca Madeyra adaları na qədər olan geniş ərazidə yayılmışdır. Hündürlüyü 6 m-ə çatan alçaqboylu, düzgövdəli ağac və ya koldur. Zoğları qısa, yaşıl və ya sarımtıl-qonur rəngdədir. Köhnə budaqları və gövdəsinin qabığı açıq-boz, cavan zoğları sarımtıl-qonur rənglidir. Yarpaqları üfüqi vəziyyətdə, xətvarı-iynəşəkillidir, uzun tikanı sivridir, üst tərəfində yaşıl rəngli orta damarı boyunca uzanmış iki ağ zolağı, alt tərəfində sivri və ensiz tili vardır, vəziləri yoxdur, uzunluğu 11–20 mm və eni 2 mm-ə qədərdir. Erkək qozalar xırda və kürəşəkilli olub, çox qısa ayaqcıqlar üzərindədir, pulcuqları dəyirmidir, yanlarında dişləri vardır. Meyvələri yarpaqdan qısa, saplaqsız, kürə formalə olub, diametri 9–11 mm, pas rəngli və ya qonuraçalan-qırmızıdır. Yetişmiş meyvələri üzərində 3-6 pulcuğu vardır, onların ucu sivri və ya düzdür, təpələrində aydın görünən çapıqlarla bir-birindən aralanmışdır.