Müjdə xristian incəsənətində
Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir. Müjdə mövzusu hələ erkən xristianlıq dövründən məşhur olmuş və bu mövzuda məlum olan erkən dənət nümunəsi Romadakı Prisilla katakombasındakı IV əsrə aid freskodur.
Orta əsrlər və intibah dövründə məşhur olan Müjdə mövzusuna həmin dövrlərin ən məşhur və nüfuzlu sənətkarları müraciət etmişlər. Bakirə Məryəm və arxangel Cəbrayıl Roma-Katolik Marian incəsənətinin ən sevilən mövzularından biri olmuşdur. Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço di Buininsenya, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa minlərlə ustad sənətkarlar bu mövzuya müraciət etmişlər. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir.
Müjdə səhnələrinin təsvir kompozisiyası adətən bir-birinə oxşar idi; Məryəmin solunda dayanmış Cəbrayıl ona müjdəli xəbəri verərkən Məryəm oturmuş, daha sonrakı təsvirlərdə isə diz çökmüş halda göstərilirdi. Tipik olaraq Cəbrayıl daha yaxından, Məryəm isə bir qədər onun fonunda verilir. Orta əsrlər incəsənətində bir qayda olaraq Məryəm qapalı məkan və ya dəhlizdə göstərilirsə, intibah incəsənətində o, bağda və ya ağacların əhatəsində verilir. Təsvirlərdə göstərilən bina bəzən Bakirənin evi, bəzən də Yerusəlim məbədi hesab edilir.