Rüfət İsmayıl
Rüfət Əli oğlu İsmayılov, daha çox Rüfət İsmayıl olaraq tanınır (2 fevral 1981, Bakı) — Azərbaycan modelyeri, modeli, sahibkarı, biznesmeni. Beynəlxalq arenada Türkiyə və Azərbaycanın rəsmi moda elçisi olan Rüfət İsmayıl "AFFFAİR" tekstil şirkətinin qurucusu, "AFFFAİR" brendinin yaradıcısıdır. O, ilk və Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilmişdir.
== Erkən illəri və təhsili ==
Rüfət Əli oğlu İsmayılov 2 fevral 1981-ci ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində, Əli İsmayılov və Dilbər Topçubaşovanın ailəsində anadan olmuşdur. Nigar Topçubaşovanın qardaşıdır. Rüfət İsmayıl 1986–1996-cı illərdə Bakı şəhəri Nərimanov rayonu 20 saylı orta ümumtəhsil məktəbinin 10 sinfini bitirmiş, eyni zamanda 1987–1995-ci illərdə Nərimanov rayonu 16 saylı Musiqi Məktəbində musiqi təhsili almış, fortepiano üzrə 8-ci sinfini bitirmişdir. O, 1994-cü ildə Osman Mirzəyev adına Jurnalistika kursuna da yazılaraq, oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1996–2001-ci illərdə Azərbaycan Ali Diplomatiya Kollecinin Beynəlxalq Əlaqələr fakutəsindən məzun olmuş, 2002–2007-ci illərdə Almaniyanın Höte Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirmişdir. Rüfət İsmayıl həmçinin, 2013–2014-cü illərdə Türkiyənin Esmod Vakko Tasarım Okulunda Tasarım və Modelist ixtisası üzrə təhsil almışdır. Azərbaycan, türk, rus, alman, flaman və ingilis dillərini bilir.