Rəbi-Rəşidi kompleksi
Rəb-i Rəşidi kompleksi (fars. رَبع رشیدی) — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. Lakin Rəb-i-Rəşidinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336 -cı ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəb-i Rəşidi süqut etdi.
== Tarixi ==
Monqollar, xüsusən birinci yarım əsrlik talan və dağıntılar başa çatdıqdan sonra Yaxın Şərqdə Elxanilər dövlətinin yaranması ilə müsbət izlər buraxmağa başladılar. Xüsusən Qazan xanın (1295-1304) taxta çıxması və daxili çəkişmələrə son qoyaraq dövləti öz nəzarəti altına alması ilə Elxanilər dövlətində böyük inkişaf fəaliyyəti başlandı ki, burada Elxani hökmranlığının mərkəzi olan Azərbaycan imtiyazlı yer tuturdu. Bu dövrdə bir tərəfdən Təbriz kimi köhnə yaşayış məskənlərində yeni quruculuq işləri aparılır, digər tərəfdən isə Elxani dövlətinin ərazisində yeni məskənlər salınmağa çalışılırdı.