Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi.
Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır.
Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır.
Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir.
Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır.
Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, zəyrək, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir. Onlar bitki liflərindən hazırlanmış məmulatlar olmaqla yanaşı, dünyaca məşhur Azərbaycan xalçaçılıq sənətinin "əcdadı" hesab olunur.
Həsir Azərbaycanda Kür və Araz boyu yerlərdə, xüsusilə Cəlilabad, Astara, Masallı və Lənkəranda qədimdən əvəzsiz məişət əşyası kimi işlədilib. Azərbaycanın cənub bölgəsində həsirçiliyin tarixən təşəkkül tapması ilk növbədə bu zonada mövcud olan subtropik hava iqlimindən meydana gələn nəmişlikdən və xammal bazasının genişliyindən irəli gəlmişdir. Bu bölgələrdə həsiri yerə sərilən palaz-xalçanın altına yerləşdirərmişlər ki, rütubəti özünə çəksin, palaz-xalçanın tez yeyilərək istifadəyə yararsızlığının qarşısı alınsın və davamlı olsun.
Astara rayonundakı Kakalos kəndi özünün spesifik həsirləri ilə məşhurdur. Həsir hazırlamaq üçün yaz-yay aylarında qamışlıqlara yollanan kəndlilər "pizə" adlanan xüsusi xammal toplayırlar. Həsiri də qurudulmuş “pizə” çubuğundan şaquli və ya üfqi dəzgahda toxuyurlar. Kakaloslular həsir toxuyarkən həndəsi fiqurlardan daha çox istifadə edirlər.
Azərbaycanının Qarabağ zonasında həsir adətən qamışdan hazırlanmışdır. Çünki bu bölgənin təbiəti və iqlimi ilə əlaqədar olaraq həsir üçün ən optimal xammal qamış hesab olunur. Qarabağ bölgəsində həsiri qadınlar, cənub bölgəsində isə həm qadınlar, həm də kişilər toxuyarmışlar.
Azərbaycanda həsirdən evlərdə rütubətdən qoruyucu məişət əşyası ilə yanaşı, dekorativ bəzək ornamenti kimi də istifadə edilirmiş. Eyni zamanda, keçmiş zamanlarda həsirçiliyin mövcud olduğu zonalarda gəlin köçən qızların cehizlərinə mütləq həsirdən hazırlanmış məmulatlar qoyarmışlar.
Həsirdən hazırlanan zənbillər, şlyapalar, çantalar, saxsı qablar üçün tutacaqlar, asılqanlar və digər məmulatlardan bu gün də geniş istifadə olunur. Əlbəttə ki, bu gün həsirdən hazırlanan bir çox əşyalar forma və dizayn baxımından daha dekorativ və cəlbedicidir. Bu da Azərbaycanda həsirçilik sənətinin xarici görünüş baxımından daim inkişafda olmasını və yenilənməsini göstərir.
Həsirlər toxunma texnikasına görə iki əsas növə bölünür:
Sadə və naxışlı həsirlərin də müxtəlif növləri vardır. "şona", "əymə", "ləmləki", "güllülər" naxışlı həsirlərə aiddir. Həsirin "hərəmi", "nəlbəki", "şanagül", "girdəgül", "cınağı", "teşti", "ənzəli" növləri bu gündə ən çox istifadə edilən çeşidlər sırasındadır.
Həsirlərin ən sadə növü "çətən"dir. Onu eyni uzunluqda qamışlardan hər hansı bir qamış, əriş rolunu oynayan bir cüt iplə üç yerdən (uclardan və ortadan) birləşdirmə metodu ilə hazırlayırlar.
Azərbaycanın düzən rayonlarında yayılmış "salqar" adlı həsirlərin hazırlanma texnikası da “çətən”in toxunma texnikasına yaxındır. "Salqar"ı və "çətən"i dəzgah, yaxud hər hansı anoloji tərtibat olmadan yerdə hörürlər.
Həsirlərin maraqlı növlərindən biri də "buriya"dır. Bu qalın həsirlərdən döşənək kimi istifadə edilir və bu günədək Azərbaycanın bir sıra regionlarının əhalisinin məişətində təsadüf olunur.
Tədqiqatçılar buriyanın iki növünü - sadə və mürəkkəb buriyaları fərqləndirirlər. Sadə buriyaların naxışları eyni şaquli zolaqlardan, mürəkkəb buriyaların naxışları isə fiqurlardan ibarət olur. Buriyanı sadə şaquli dəzgahda hazırlayırlar.
"Həsir" adlanan adi universal həsir növü daha geniş yayılmışdır. Çətənlə müqayisədə daha mürəkkəb olan bu həsir növü dəzgahlarda hazırlanır. Naxışlı "həsir" növünü hörərkən hər iki başda gələcək xalça haşiyələrinin prototipi olan naxışsız haşiyə saxlanılır. Həsirlərin ornamentasiyası ərişin müəyyən sayda alt və üst iplərin arasından naxış yaradan qamış çubuğunun keçirilməsi prinsipinə əsaslanır. İplərin bir cür variantlarda əvəzlənməsi ilə istənilən naxış-çeşni alınır.
Həsirlər "Xana" adlanan xüsusi dəzgahlarda toxunur. Həsir dəzgahlarının zəmanəmizədək şaquli və üfüqi olmaqla iki əsas tipi gəlib çatmışdır. Saya həsir toxuculuğunda tətbiq olunan şaquli dəzgah "Dasko" adlanır. Bu dəzgah növü 3.5-4 metr uzunluğunda bir cüt qoldan, onları birləşdirən və 1.5 metr uzunluqda alt və üst oxdan, "Si" adlanan döyəc taxtasından ibarət bəsit quruluşa malikdir. Oxların sabit qalması üçün dəzgah qollarının üzərində kərtmə üsulu ilə yarıqlar mövcuddur. Üfüqi həsir dəzgahı isə 4 ədəd mıxçadan, onları baş kərtinə köndələn bağlanmış bir cüt dolağacdan və “paral” adlanan zərbə alətindən ibarətdir.
Saya həsirdən fərqli olaraq, "güllü" həsir tipoloji cəhətdən yer hanasını xatırladan üfüqi dəzgahda toxunur. Eyni zamanda "güllü" həsir mürəkkəb toxuma texnikası əsasında pizənin zərif növü olan "Xüqəpizə"dən toxunur. Pizə tayları gah sağ, gah da soldan olmaqla müəyyən qaydada əriş taylarının arasından keçirildikcə paral vasitəsilə döyəclənib bərkidilir. Güllü həsirin ayaq və baş hissəsi kətansayağı sadə toxuma texnikası ilə, yan haşiyəsi isə "nəfsə" adlanan kənar ərişlər üzrə "döndərmə" üsulu ilə toxunur.
Gül həsir bir qayda olaraq ərişin alt və üst tayları üzrə pizə dəstəsinin çarpaz mövqeyini müəyyən qaydada dəyişdirmə üsulu ilə salınır. Naxış növünün tələbinə uyğun olaraq pizə dəstəsi əriş taylarının gah biri, gah digərindən, gah da üçüncüsündən keçirilərək istənilən nəticə əldə edilir. Bu texniki üsulun tətbiqi prosesində müxtəlif həndəsi görkəmə malik naxışlar əmələ gəlir.
Əsasən uzunluğu bəzən 5-7 metrə çatan həsirlər toxunurdu.