Köhnəqala qalası

Köhnəqala, Yezidabad qalası və ya NaxçıvanqalaNaxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur.[1] Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir.[2][3]

Yezidabad qalası
Qalanın Böyükqala hissəsinin bürc qalığı
Xəritə
39°11′43″ şm. e. 45°24′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Naxçıvan
Aidiyyatı Sasanilər dövləti
Naxçıvan xanlığı
İstinad nöm.395
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Yezidabad qalası (Azərbaycan)
Yezidabad qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qala Sasani hökmdarı III Yezdəgirdin hakimiyyəti dövründə inşa edilmişdir.

Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur.

Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.[1]

Həmin qalanı sonralar Naxçıvanda olmuş Jan Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur.[1]

2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılaraq, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır.[2] Belə ki, bu ərazi ətrafında və daxilində geniş abadlıq-quruculuq işləri aparılmış, işıqlandırma sistemi quraşdırılmış və yaşıllıq zolaqları salınmışdır.[3]

Naxçıvan şəhərinin 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən – kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir.[1]

Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 74000 m²-dir.

Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19х19х5 sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir.

Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziq-zaq şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri diametri 5,7 m-dən 9 m.-dək dəyişən konusvari bürclərlə tamamlanmışdır.

Böyükqalanın salamat qalmış divarlarının eni 1 m., hündürlüyü isə bəzi yerlərdə 5 m.-ə çatır. Qalanın kvadrat formada (150x150 m) olan Narınqala hissəsində hazırda binaların izləri qalmaqdadır. Nuhun son dövrlərdə bərpa edilmiş türbəsi də Köhnəqala ərazisindədir. Azərbaycan rəssamı Bəhruz Kəngərli Nuh peyğəmbərin Köhnəqaladakı qəbrinin yağlı boy ilə rəsmini çəkmişdir ki, həmin əsər də Naxçıvan Dövlət Tarix Muzeyində sərgilənməkdədir.

Narınqalanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m-dən 4 m.-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olmuşdur.

Narınqalanı əhatə edən divarlar qalanın qərb hissəsində salamat qalmışdır. Şimal-şərq səmtindəki əksər hallarda yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr qismən salamat halda dövrümüzədək gəlib çatmışdır.[4]

Gizli yollar və saxlanclar

[redaktə | mənbəni redaktə et]

Narınqalanın cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq — mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, Naxçıvançaya çıxır.[1] Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir.

Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun – "tələ"nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tarixi araşdırmalar göstərir ki, Naxçıvanqala heç də yalnız müdafiə məqsədi daşımamışdır. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. İlk orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edirlər. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilmişdir. Plana əsasən, qala iki hissədən – kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur. Xalq Narınqalanın qalıqlarını günümüzədək qoruyub saxlaya bilmişdir.[2][3]

Daş qatışığı olan möhrədən tikilən qala divarları yarımdairəvi bürclərlə möhkəmləndirilmişdir. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınmış, onların damından döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunmuşdur. XX əsrin ortalarında Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar — saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilmişdir. Bu hadisə sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.[3]

Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.[2][3]

Tarix-Memarlıq Muzey Kompleksi

[redaktə | mənbəni redaktə et]

Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə 5 iyun 2013-cü ildə burada "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması[2] barədə qərar qəbul edilmişdir.[3]

Kompleksin muzeyində Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V–III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.[3]

2010-cu illərdə Kompleksdəki mağarada da bərpa işləri aparılmışdır. Bir neçə istiqamətə, o cümlədən Naxçıvançaya çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə etmişlər.[3]

  1. 1 2 3 4 5 6 AMEA, Naxçıvan Abidələri Ensiklopediyası, Bakı, 2008
  2. 1 2 3 4 5 "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 05 iyun 2013-cü il tarixli, 135–04/S nömrəli Sərəncamı Arxivləşdirilib 2022-01-31 at the Wayback Machine. alimeclis.az  (az.)
  3. 1 2 3 4 5 6 7 8 İlham Əliyev yeni yaradılan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olmuşdur. Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine president.gov.az, 7. aprel 2014.  (az.)
  4. "Köhnəqala". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]