Midiya (Qədim Fars dilində: Māda, Orta Farsca: Mad), Güney Azərbaycanın (indiki iranda) orta və cənub bölgəsindəydi və Midiya Dövlətinin siyasi və mədəni mərkəzi olaraq tanınırdı.[1] Əhəmənlər dövründə indiki Azərbaycan, Cənubi Azərbaycanı, Urmiya və Rəşt, Sari, Simnan əhatə edirdi.Əhəmənlər hakimiyyəti altındakı Satrap olaraq, şimalda Dağıstanın cənubuna qədər uzanan daha geniş bir bölgəni əhatə edərdi.[2] Ancaq Böyük İsgəndərin müharibələrindən sonra şimal hissələr ayrıldı və Atropaten adlandırıldı, qalan bölgəsiysə Kiçik Midiya olaraq tanındı.
Bistunun qayasında madayların təsviri | |||
Ümumi sayı | |||
---|---|---|---|
? | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Qohum xalqlar | |||
Madaylar[3][4][5][6][7][8][9][10][11], mataylar[12][13], madalılar[14] və ya midiyalılar[15] (q. fars Māda-, q.yun. Μῆδοι, ivr. מָדַי, translit Maday) – mannalardan sonra Azərbaycanda ikinci dövlət qurumunun[16][17] əsasını qoymuş müasir Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış tayfalardan biridir.[18][19][20] Azərbaycan xalqının formalaşması prosesində madaylar başqa türk etnosları ilə qaynayıb qarışdı. Onların birbaşa varisləri Cənubi Azərbaycanda türk dilində danışan Madabad, Madi, Mahnabad, Mehni (fars dilinin təsiri ilə d səsi h səsinə keçmişdir) və başqa kəndlərdə yaşamaqdadır [21]. Savalanda indi əhalisi türkdilli Madya kəndi vardır.[22]
Madayların adı tarixi mənbələrdə ilk dəfə Mādāi[6] – Mātāi[13] şəklində Assur və Urartu mətnlərində xatırlanmışdır.[23][24] Əksər iranşünaslar madayları irandilli xalq hesab edirlər.[25][26][27][28] Prof. Q. Qeybullayev qeyd edir ki, bəzi müəlliflər isə midiyalı və maday anlayışlarını qarışdıraraq bütün midiyalıların İrandillilər olmasını yazmışlar. Hətta qədim fars dilində İrandilli tayfaların dialektlərinə mənsub olan, lakin o zamankı rəsmi fars dilindən fərqlənən dialekt sözlərini midizmlər adlandıraraq madayların İrandilli olmasını göstərən faktlar kimi göstərmişlər[29]. Bununla da Maday etnosunu Azərbaycan türklərinin soykökündən ayırmış, nəticədə Midiya dövləti İran mənşəli etnosun dövləti kimi səciyyələndirilmişdir. Lakin Q. Qeybullayev qeyd edir ki, bu fikirdə dolaşıqlıq açıq – aşkar görünür: "Midiyalılar deyilərkən Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada İrandillilər – müasir farsların, kürdlərin, talışların, giləklərin, tatların və b. ulu əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin, farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt İrandilli əhali əksəriyyət təşkil etməmişdir. Əgər İrandillilər mənasında ― Midiyalı dedikdə, Maday etnik adını daşıyanları nəzərdə tuturlarsa, bu doğru deyil və real tarixi faktlar qarşısında qondarma fikir kimi görsənir."[30]
Madayların Azərbaycanda həm etnik, həm də mədəni cəhətdən mannaların varisi olmaları danılmazdır.[17][31][32][33] Manna ərazisində bəzi türkmənşəli şəxs adlarının İran dilləri əsasında izah edilməsi nəticəsində belə nəticə çıxarmışlar ki, artıq er. əv. IX əsrdə Mannada İrandilli əhali də yaşayırdı. İqrar Əliyev Atropatenanın tarixinə dair əsərində E.A. Qrantovskiyə istinad edərək Mannada kifayət qədər İrandilli ünsürlərin olduğunu yazmışdır[34]. Onun fikrincə Atropatenanın əhalisi əsasən İrandilli idi[35]. Odur ki, S.Qasımova III – VII əsrlərdə Cənubi Azərbaycanda "qədim İran Midiya dialektləri" ifadəsini işlətmişdir[36]. Cənubi Azərbaycan ərazisində əhalinin İrantipli azəri dilində danışması fikri də bununla bağlıdır.
X əsr ərəb müəllifi Yəqubinin Azərbaycanda yaşaması haqqında məlumata əsaslanırlar: "Azərbaycanın şəhər və mahallarının əhalisi əcəm azəriləri ilə Babəkin olduğu əl – Bəzz şəhərinin sahibləri qədim Cavidanilərin qarışığıdır"[37]. Q. Qeybullayev qeyd edir ki, bu məlumatda atropatenlilərin hamısının azəri dilində danışması göstərilmir. Sübut olunmuşdur ki, azəri dilinə aid materiallar Cənubi Azərbaycanın şimal – şərq kuncünə – Ərdəbil mahalına aiddir[38]. Həm də qeyd olunur ki, bu dildə məlumatlar XIV əsrə qədər gəlir, halbuki XIV əsrdə Cənubi Azərbaycan ərazisində əhalinin İranmənşəli dildə danışdığını demək yalnız elmi naşılıqdır. Heç olmasa ona görə ki, artıq bu zaman Azərbaycan ədəbi dili mövcud idi.[39]
Midiyalıların ölkəsi İranın şimal-qərbində,[41][42][43][44] indiki İran Azərbaycanı, Kürdistan və Kermanşahin bir hissəsində yerləşirdi.[45]Assur mənbələrində Maday və Matay kimi bu etnosun adı ilk dəfə er. əv 843-cü ildə çəkilir.[46] Maday və Matay müəyyən bir etnosun həqiqi və köklü adıdır. Alban tarixçisi Musa Kalankatlı da bu xalqın adını Maday kimi yazmışdır.[47]. Er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının mixi əlifba ilə farsca mətnində Mada (sonda – y səsini ifadə edən mixi işarə yox idi) kimidir.[19]
Qədim yunanlar bu xalqın adını Medo, latınlar Mido kimi tələffüz etdiklərinə və belə də yazdıqlarına görə, Maday etnosunun və onun adı ilə adlanmış Maday ölkəsinin adı tarixə təhrif olunmuş şəkildə – Midiya kimi daxil olmuşdur.
Maday, Matay etnosunun er. əv. IX əsrə (dəqiqi er. əv. 835-ci il) aid asur mənbələrində farslarla (Parsua, Parsumaş) eyni vaxtda çəkilməsi əsasən belə bir fikir yaranmışdır ki, onların hər ikisi Ari mənşəli idi və er. əv. II minilliyin sonlarında İran ərazisinə gəlmişlər.[48]
İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, er. əv. 673-cü ildə öz dövlətini yaratmışdır. Er. əv. 612-ci ildə çar Kiaksarın vaxtında Maday dövləti skiflərin köməyi ilə təcavüzkar Asur dövlətinə son qoymuş, ərazisini özünə qatmış və bu münasibətlə tarixdə ilk dəfə ikibaşlı qara qartal emblemini[19] öz ağ bayrağı üzərində həkk etmişdir.
Paytaxtı Akbatan (indiki Həmədan ərazisində) adlanmış bu dövlət Yaxın Şərq ölkələrinin tarixində böyük rol oynamışdır: Maday dövləti er. əv. 624-cü ildə farsların ölkəsini tutmuş, qəsbkar Assuriya və Urartu dövlətlərinə də həmişəlik son qoymuş və imperiyaya çevrilmişdir. Eradan əvvəl 550-ci ildə yerli sülalə süqut etmiş və hakimiyyət farslara keçmişdir.
Tarixşünaslıqda əvvəllər hakim olmuş baxışa görə midiyalılar Ari mənşəli olmaqla er. əv. II minilliyin axırlarında ya Orta Asiya, ya Qafqaz tərəfdən İran yaylasına gəlib məskunlaşmışlar.[49] Buna görə də Maday etnonimini və Midiya tayfalarının adlarını, Manna və Midiya ərazisində bəzi toponimləri və şəxs adlarının Avesta, qədim hind və qədim fars dilləri əsasında izahına təşəbbüs göstərilmişdir.
Maday (Matay) əvvəlcə müstəqil bir böyük tayfanın, sonra tayfa ittifaqının və er. əv. 673-cü ildən dövlətin və ölkənin adıdır. Deməli, Maday həm etnonim, həm də etnotoponimdir. Midiya dövləti yaranandan sonra Maday etnonimi bu dövlətin əhatə etdiyi ərazidə həm madayların, həm də başqa dillərdə danışan tayfaların ümumiləşdirilmiş midiyalı adına çevrilmişdir. Son araşdırmalar Maday, Matay etnosunun iranmənşəli yox, türkmənşəli olduğunu göstərmişdir.[50]
Maday etnik adını daşıyanların türkmənşəli olması fikrini təsdiqləyən faktlardan biri indiyədək Qazaxıstanda Matay, Atalıq-Matay, Kapçaqay Matay,Göncə-Matay[51], Tuvada hələ XIII əsrdə Madı[52] (türk dillərində a-ы əvəzlənməsi səciyyəvi haldır), Madı-qoşun və Mat [53], Sibirdə və Altayda Maadı, Madar və Maxtar[54] (Mada, Mata və türkmənşəli tayfaların, məsələn, avşar, avar, bolqar, qacar, kəngər, xəzər və b. adları üçün səciyyəvi ar,ər- kişi, igid, döyüşçü sözlərindən) tayfalarının mövcud olmasıdır.
Elam dilində bu etnonim və etnotoponim həm Matape (Matay etnonimindən və elamca cəm bildirən – pe şəkilçisindən), həm də Maktape (Maqtay adından və pe-şəkilçisindən) adlanmışdır[55] və deməli, müvafiq olaraq bu adlar Mata (y)lar və Maktaylar, yaxud Maqtaylar deməkdir.
Madayların mənşəyini subut edən başqa faktlar da vardır. Bu antik mənbələrdə Maday və Pars (fars) etnosları arasında etnik fərqlərə aid məlumatlardır.
Bir asur mənbəyində qüdrətli madaylar ifadəsi işlədilir və onlar arilərdən fərqləndirilir[56].
Herodotun əsərində və Bisütun qaya yazısında Maday və Pars etnosları qarşı-qarşıya qoyulur və bir-birinə düşmən etnoslar kimi göstərilir. Herodot yazır ki, Midiya çarı Deyokun oğlu Fraorta parsların üstünə getmiş və düşmənini özünə tabe etmişdir[57]. Həmin məlumatda Herodot yazır ki, Midiya çarı Fraorta atası Deyokdan sonra təkcə midiyalılar üzərində hakimiyyətlə kifayətlənmədi və farsların üstünə hücum edərək onları tabe etdi. Bu iki xalqa (madaylar və farslar müstəqil xalqlar kimi qeyd olunur) yiyələndikdən sonra çar Asiyanın başqa xalqlarının üstünə getdi[58].
Midiya tayfalarından biri olan maqlar sonuncu Midiya çarı Astiaqa demişlər: Əgər o (yəni, Maday dövləti) bu fars oğluna (Persia əyalətinin hakimi Kir nəzərdə tutulur) keçsə biz midiyalılar da qul olacayıq, farslar bizə yadellilər kimi alçaq nəzərlə baxacaqlar.[59]
Fars əyanlarından biri Qobriiy deyir: İndi farsların üzərində hökmdar midiyalı maqdır[60].
Herodot yazır ki, fars çarları öz bacılarına da evlənirlər[61]. Məsələn, fars çarı I Kambiz bacıları Roksana və Atossa ilə evlənmişdi. Herodot oradaca qeyd edir ki, bu farsların dini əqidəsindən irəli gəlir. Lakin Manna və Maday çarlarında bu adətə meyl heç bir mənbədə qeyd olunmur.[62] Ümumiyyətlə, türk xalqlarında qədimdən nikah ciddi ekzoqam idi.
Herodot yazır ki, midiyalıların farslardan fərqli öz paltar formaları var və farslar da bu paltarı onlardan qəbul etmişlər[63].
Herodot Pars çarı Kserksin Afinaya hücumundan danışarkən yazır ki, ordunun silahı Midiya silahlarıdır, fars yox[64]. Prof. Q. Qeybullayev isə vurğulayır ki, buradan aydın olur ki, farslar və midiyalılar silah növlərinə görə də fərqlənirdilər.[32]
Herodot yazır ki, Əhəmənilər dövlətində farslar vergilərdən azaddır[65], lakin məsələn, X satraplığa aid akbatanlılar (midiyalılar) və saklar ildə 450 talant vergi verirlər[66].
Herodot qeyd edir ki, farslar ölüləri quşlara və heyvanlara qoyurlar[67]. Bu adətin madaylarda olmaması onları arilərdən fərqləndirən xüsusiyyətlərdən biridir.[32]
Yunan müəllifi Ksenefont (er. əv. V əsr) yazır ki, farslar midiyalılardakı geyim, paltar və xalçalardan istifadə adirlər. Qeyd edilməlidir ki, xalça toxuculuğu mənşəcə qədim türklərə mənsubdur.[68] Altayda xalça qalıqları er. əv. I minilliyə aid kurqanlardan aşkar edilmişdir. Cənubi Azərbaycanda Təbriz xalçaları İran xalçası adı ilə məşhurdur.
Strabon yazır: "Deyildiyinə görə, midiyalılar ermənilərin və elə ondan əvvəl fars hökmdarlarının və adətlərinin baniləridir"[69]. Başqa yerdə həmin müəllif qeyd edir ki, farsların işğalı (yəni Midiyada hakimiyyəti ələ almaları) nəticəsində farsların adətləri ilə midiyalıların adətləri eynidir[70]. Daha sonra bu müəllif belə bir məlumat verir: "Ən cəsur adamın çar seçilməsi qədim Midiya adətidir"[70].Farslar və madaylar eyni etnosun hissələri olmamasını göstərən faktlardan biri də Strabonun farslarda dövləti idarə qaydalarının Midiya mənşəli olmasını qeyd etməsidir.[32]
Alban tarixçisi Musa Kalankatlı Yafətin nəslinin şəcərəsini verdikdə Yafətin oğlanları içərisində Qomer (yəni kimmerlər, dəqiqi qamərlər), Maday (madaylar), Maqoq (işkuzlar), Yavan, Tubal, Meşek, Tiras və Het adlarını[71] çəkir, lakin nə Ari, nə Pars adını göstərmir. Deyilənlərdən görünür ki, Maday etnik adını daşıyanlar Pars (Ari) etnik adını daşıyanlardan etnik mənsubiyyətcə fərqli idilər.[32] Əlbəttə, ümumi mənada Midiya dövlətində yaşayan İranmənşəli hər bir adam, o cümlədən fars da midiyalı idi, çünki Midiya ərazisində yaşayırdı.[72]
Midiya toponimlərinin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsinin olmadığına görə onun m səsi ilə, ç və c səslərinin olmadığına görə onların s və z səsləri ilə verilməsi, adların sonlarındakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını dəqiq bərpa etmək çətin olmuşdur.
Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur. Lakin sonrakı dövrlərdə aparılan hərtərəfli elmi tədqiqatlardan sonra mannalar və onların birbaşa etnik və mədəni varisi olan madayların türk mənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindən[73] söylənilmiş bu fikir daha sonra prof. Q. Qeybullayev tərəfindən[32] müdafiə olunmuşdur.
Manna və Midiyada er. əv. I minillikdə çəkilən toponimlərin bəziləri indiyədək az fonetik dəyişikliklərlə qalmaqdadır: Uşkaya – Üskiyə; Kullar – Kullar; Urimzan – Urmu; Kizilbunda – Qızılözən; Sanqi – Səhəng; Kundur – Qotur; Astabene – Üştibin, Uauş – Yaş və b.
Manna və Midiya dövlətləri yaranmazdan əvvəl onların ərazilərində xırda çarlıqlar mövcud idi. Er. əvvəl IX əsrdən başlayaraq Assur çarlarının bu ölkələrə qarşı qarətçi hərbi səfərləri barədəki salnamələrində çoxlu şəxs adları qeyd olunmuşdur. Midiyalıların İrandilli olması konsepsiyasına uyğun olaraq bir sıra Qərbi Avropa və rus tarixçiləri bu adların əksəriyyətini İran dilləri vasitəsilə izah etməyə çalışmışlar. Lakin sonradan aparılan araşdırmalar Midiya adlarının əsasən türkmənşəli olduğunu göstərmişdir. Maraqlıdır ki, Manna və Midiya adlarının bir hissəsi Şumer dili əsasında izah olunur. Bu heç də həmin xalqların sonrakı şumerlər olduğu demək olmasa da bəzi şumer allahlarının adlarının mannalı və midiyalı şəxs adlarında iştirak etməsi də faktdır.[74]
Q a u m a t a (er. əv. 519-cü il). Fars hakimiyyətinə qarşı üsyan qaldırılmış və çarlığı ələ almış midiyalı maqın adı. Bisutun qaya yazısının qədim farsca variatında Qaumata, babilcə variatında Qumata kimi qeyd olunmuşdur. Adın qədim farsca yazılışında həmin dilin qrammatik qanunlarına uyğun "u" səsi əlavə olunmalıdır. Məsələn, həmin qaya yazısında Midiya toponimləri olan Payşibat və Sakabat qalalarının adları Payşiyaubad və Sakayaubat kimi yazılmış və deməli, hər iki toponimdə "u" səsi artırılmışdır. Deməli, Qaumata kimi yazılmış ad əslində Qamata olmaqla türkcə qam – şaman, həkim, qabaqcadan xəbər verən, yozucu və ata – nəsildə və ailədə başçı sözlərindəndir. Ad şamanların başçısı , şaman ata mənasındadır.Adın bu etimologiyasını ilk dəfə prof. F.Cəlilov təklif etmişdir.[75] V əsrin erməni tarixçisi Moisey Xorenli I əsr hadisələrindən danışarkən Ermənistanda Paskam (yazılışı ermənicədir) şəxs adını çəkir[76]. Bu ad türkcədir, ona görə ki, həmin müəllif Paskamın nəslindən Türk (ermənicə yazılışda Tork) adlı şəxsi qeyd edir və onu kobud cizgili, hündür boylu, yöndəmsiz, yastı burunlu, batıq gözlü, dəhşətli baxışlı, nəhəng bədənli, və qüvvətli kimi xarakterizə edir. Bu da monqoloid irqə mənsub adamın xarici görünüşünün təsviridir. Ona görə Paskam türkcə Baş qam mənasını verir. Hunlarda Eşkam (Dost qam), Krımda Bospor çarlığında er.əv. III əsrdə üsyan qaldırmış skif Samvak (yazılışı qədim yununcadır, türkcə kam, qam – şaman və bak – bəy, tayfa başçısı sözlərindən; azərbaycanlılarda Qambay şəxs adı bu sıraya aid edilə bilməz, çünki mənşəcə himayəçi, hami, müdafiəçi mənalarında monqollarda Qombo şəxs adının fonetik formasıdır), Kitabi Dədə Qorqudda Qamxan, orta əsrlərdə Türkmənistanda sufi şeyx Seyid- Ata[77] şəxs adları ilə muqayisə olunur.
Herodotun əsərində Midiya yer və şəxs adlarının hamısı təhrifə uğramış formalardadır. Herodot yazır ki, onun məlumatçıları (informantları) farslar olmuşlar.[78]. Deməli, farsca olmayan adlar fars dilinə uyğunlaşdırılmış şəkildə tələffüz olunmalı, Herodot isə farsın tələffüzündə eşitdiyi adları yunan dilinə uyğun tərzdə yazmalı idi.
D e y o k (er. əv. VIII əsr) Asur mənbəyində Dayaukku. Asur dilində "k" səsi qoşalaşdırılmışdır. Əsl forması Dayauk olmuşdur. İ. M. Dyakonov bu adın qədim farsca dahuyi – ölkə, tayfa ittifaqi (fars dilində dəh – kənd sözünün qədim forması) və -k şəkilçisindən ibarət olduğunu yazmışdır[79], lakin düşünməmişdir ki, ölkə, tayfa ittifaqı sözü heç vaxt şəxs adına çevrilə bilməz. Ad şumercə da – (Allahın) qərarı ilə və uku – övlad, varis (qədim türkcədə də uk – varis, oğul, nəsil[80] sözlərindən ibarətdir. Ad Allahın qərarı ilə doğulmuş övlad mənasındadır.[74]
K i a k s a r Midiya çarı (er. əv. 625-584). Kiaksar Manna və Midiya ərazisinə arasıkəsilməz basqınlar və qarətçi – hərbi səfərlər keçirmiş təcavüzkar Assur çarlığına son qoymuş şəxsdir. Kiaksar şəxs adının əsl formasını bərpa etmək çətinlik yaratmışdır. Herodot fars məlumatçısından eşitdiyi adı qədim yunan dilinə uyğun surətdə yazmışdır. Er.əv. 519-cü ilə aid Bisutun qaya yazısında bu ad Huvaxştra Asur mənbələrində bir neçə midiyalının adında satar komponenti nəzərə çarpır: Satarpay, Satarpanu, Sataret və b. Ona görə də Kuvaksatar şəxs adındakı satar komponentinin türkcə şat – vəliəhd, şahzadə və ər – kişi, igid, döyüşçü sözlərindən ibarət olduğunu güman edilir . XVIII əsrdə Xivə xanlığının aid arxiv sənədlərində qaraqalpaqlarda 9 nəfər Sadır şəxs adı çəkilir[81]. İ.M.Dyakonov və E.A.Qrantovski adlarda satar sözünü qədim fars mənşəli hşatra – hakimiyyət sözünün asurca yazılışı sayır[82] və bunun əsasında Maday etnosunun Ari mənşəli (fars mənşəli) olduğunu yazırlar. Lakin yuxarıda deyilənlər bu fikrin yanlış olduğunu göstərmişdir.[74] Orta Asiyada sak çarlarından biri Saksatar (bu adı er.əvvəl II əsr müəllifi Polien çəkir) şəxs adı məlumdur. Adın birinci komponenti Şərqi hun xaqanı Metenin oğlu Kiek (yazılışı çincədir, Kuyak, Kuvak kimi də oxuna bilər) və Çingiz xanın nəvəsi Quyuk xanın (1205- 1248) adlarında da vardır. Kiaksar (Huvaxştra) şəxs adının dəqiq mənasını müəyyən edilməmişdir. Əgər bu ad məhz Herodotun yazdığını kimi səslənmişsə, onu şumer dilində kiak – sevimli[83] sözündən və Sar (Şar) – Aşur allahının adından ibarət olduğunu və (allahı) sevimlidir mənasını verdiyini ehtimal etmək olar. Belə halda Kiaksar Midiyada teofor adlardandır.[74]
A s t i a q[84]. Midiyanın axırıncı çarı Astiaq madayların tarixində qara səhifə açmış şəxslərdəndir. Onun öz sərkərdəsi Harpaqa (əslində Arpaq) qarşı ədalətsiz münasibəti (oğlunu öldürüb ətini atasına yedizdirməsi) Harpaqın Astiaqa qarşı vuruşan fars ordusunun tərəfinə keçməsinə və bununla da Herodotun rəşadətli kişilər adlandırdığı[85] midiyalılardan hakimiyyətin farslara keçməsinə səbəb olmuşdur. Herodotun Astiaq kimi yazdığı ad er. əv. 519-cu ilə aid Bisütun qaya yazısının farsca versiyasında İştivequ, babilcə versiyasında İştimequ (bu dildə v səsi yox idi) formalarındadır[86]. İ. H. Əliyev bu adı Elam mənşəli saymış və elamca İştu allahının adının əks etdirdiyini yazmışdır[87]. Həqiqətən də Midiyada ondan əvvəl İşteluku və İştesuku şəxs adları məlumdur. Lakin o, adın ikinci hissəsini izah edə bilməmişdir. Qeyd edilməlidir ki, qaya yazısının farsca versiyasında da adın sonunda u səsinin yazılması göstərir ki, bu səs, adətən, asur dilində adların sonuna əlavə olunan u adlıq hal şəkilçisi deyil. Ehtimal ki, ad Elam mənşəli İştu allahının adından və şumercə be şəkilçisindən və gu – mənimdir sözlərindən ibarət olmaqla İştu (allahı) mənimdir mənasındadır. Bəlkə də Elam mənşəli İştu (yaxud hurritcə İştu parlaq) allahının adından, şumercə be – hökmdar, bəy, cənab və ku – mənimdir sözlərindən ibarətdir. Ad hökmdar İştu allahım mənasındadır.[88]
H a r p a q [89] Çar Astiaqın qohumu, Maday ordusunun komandanı. Adın əvvəlinə h səsi əlavə olunmuşdur. Şumercə ara, ərə – qul (məbəd təsərrüfatında işləri qul), ba – bağışlamaq və ku – qismət, pay sözlərindən ibarət teofor ad olub (Allah) qul payı bağışladı mənasındadır. Er. əv. 713-cü ilə aid asur mənbəyində çəkilən midiyalı Arbaku adının eynidir.[88]
M a z a r e s[90] Harpaqdan qabaq Midiya ordusunun komandanı[90] olmuş Midiyalı şəxsin adı. Şumercə mez – ər, kişi, və ere – qul sözlərindən ibarət olmaqla (Allahın qulu, kişisi) mənasındadır. Sondakı s yunan dilində əlavə olunmuş şəkilçidir.[88]
M a n d a n a Çar Kiaksarın qızının adı[91]. Şumercə Man – mən, da – (Allahın) qərarı ilə və Ana (Göy allahı) sözlərindən ibarət teofor addır. Mən Göy allahının qərarı ilə mənasındadır.[88]
A r t e m b e r[92]. Midiyalı bir zadəganın adıdır. Əksər tədqiqatçılar art komponentinə görə, İranmənşəli ad sayırlar. Ehtimal ki, hürritcə ardi – pay, qismət, pay, şumercə am – bu, budur və par – parladı, işıqlandı sözlərindən ibarət olmaqla teofor addır. Təxminən Bu (yəni doğulmuş körpə allah tərəfindən verilmiş) paylayan paydır mənasındadır.[88]
Manna və Midiyada şəxs adlarının çoxusu şumer mənşəlidir. Q.Qeybullayev qeyd edir ki, bunun səbəbini izah etmək çətindir. Müxtəlif mülahizələr irəli sürmək olar. Birincisi, çoxminillik qarşılıqlı əlaqələr nəticəsində şumerin teofor şəxs adları mannalara və madaylara da keçmişdir; Qeyd edilməlidir ki, bu adlar akkadlarda, elamlarda və urartulularda da bu və ya digər dərəcədə vardır. İkincisi, mannaların və madayların ulu əcdadları olan kutilər və lulubelər mənşəcə şumerlərlə eyni etnik kökə mənsubdur. Üçüncüsü, şumerlərin bir hissəsi mannaların və madayların əcdadlarına qarışmışdır. Ümumi nəticə budur ki, şumerlər, kutilər, lulubelər, nisbətən sonra gəlmiş kaslar və kaspilər türk mənşəli etnoslar idilər.[88]