Mollakamallı — Quba-Şirvan xalçaçılıq məktəbinin Quba qrupuna aid olan Azərbaycan xalçaları.
Mollakamallı xalçaları | ||
---|---|---|
|
Azərbaycan hələ qədimdən dünyanın diqqətini füsunkar təbiəti və sədaqətli insanları ilə özünə cəlb edib. Ən məşhur səyyahların gündəliklərində Azərbaycanın adına rast gəlinir, ölkəmizin nadir təbiət gözəlliklərindən, maddi mədəniyyət abidələrindən, təbii sərvətlərindən geniş söz açılır.
Quba xalçaçılıq məktəbi Qonaqkənd və Şabran rayonları da daxil olmaqla 35-ə yaxın ornament kompozisiyanı özündə birləşdirir. Bu ərazi müxtəlif tayfaların məskunlaşdığı tarixi bölgədir. Bu, onun xalçaçılıq sənətində də özünü göstərir: geniş naxış rəngarəngliyi, bəzən qonşu kəndlərdə toxunmasına baxmayaraq, çeşnisi ilə fərqlənirlər. Onların ornamentlərinin əksəriyyəti coğrafi və bitki motivləri ilə xarakterizə olunur. Onlardan "Qırız", "Qımıl", "Qonaqkənd", "Şahnəzərli" və digər xalçaları göstərmək olar. İlk baxışdan Quba xalçalarında ornamentin müxtəlif xüsusiyyətlərini görmək olar. Ancaq diqqətlə baxdıqdan sonra əmin olursan ki, kompozisiyanın bütün bəzəkləri vahid mənaya malikdir. Bu xalçalarda bütöv bir dövrün tarixini, insanların zövqünü və fikrinin dərinliklərini görmək mümkündür.
Quba xalça mərkəzi üç hissəyə — dağlıq, dağətəyi və ovalıq hissələrə bölünür. Dağlıq hissəyə — Qonaqkənd, Xası, Cimi, Afurca, Buduq, Cek, Salmansöyüd kəndlərində mərkəzləşmiş məntəqələri aid etmək olar. Dağətəyi hissədə xalça istehsalı — Əmirxanlı, Əlixanlı, Xəlfələr, Pirəmsən, Bilici, Şahnəzərli, Pirəbədil, Zeyvə, Zöhramı, Sumaqoba, Xırdagülçiçi, Sırt-çiçi, Dərə-çiçidə, ovalıq hissədə isə Şabran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi, Mollakamallı və başqa kəndlərdə mərkəzləşib. Bu məktəbə həmçinin Dərbənd ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin sterilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Bu məktəbin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır[1].
Xalçanın adı Şabran rayonunun Mollakamallı kəndinin adından götürülmüşdür. Bəzi sənətşünaslar bu xalçanı " Çiçi ", bəziləri isə " Qaraqaşlı " adlandırırlar.
Xalçanın ara sahəsinin kompozisiyası bu qrupa daxil olan xalçalardan fərqlənən bir neçə iri uzunsov gellərlə yaradılmışdır. Fərq Şəki və Qarabağda geniş yayılmış qaval tikmə formasından götürülən gelləri əhatə edən iri dişlərdədir. Xalçanın ara sahəsinin eni boyunca bir gel var, uzunluğuna 3–5 gel uyğun gəlir və onların sayını istənilən istiqamətdə artırsanız, kompozisiyanın sənətkarlığı pisləşir. Xalçanın ətrafında " Pirəbədil " xalçasına xas olan bir sıra elementlər təsvir edilmişdir. Haşiyə bir neçə fərqli zolaqdan ibarətdir: orta haşiyə, zəncirə və mədaxillər. Bu xalçaların orta haşiyəsi "bəşirqızı" və iki mədaxil — "mollabaşı" var.
Xalçanın ara sahəsinin fonu tünd göy və ya qara rəngdədir. Tünd qırmızı, ağ və ya tünd göy fonlu xalçalar var. XIX əsrə aid "Mollakamallı" xalçasının ara sahəsinin və ara haşiyəsinin fonları eyni rəngdədir.
"Mollakamallı" xalçaları Quba-Şirvan məktəbinin orta keyfiyyətli xalçaları sayılır.
Belə xalçaların ölçüsü 100x150-dən 130x200 sm-ə qədərdir, indi uzunsovlar da istehsal olunur. Bir kvadrat metr xalçada 160–200 min düyün var. Xovun hündürlüyü — 4–6 mm olur.