Nəlbəki-gül xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça.
Xalça | |
Nəlbəki-gül xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Ölkə | AZE |
Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir. O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır.
1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları — "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng — boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cür — bəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.[1]
"Nəlbəki–gül" və ya "Minaxanı" adlanan bu xalçaların orta sahəsinin kompozisiyası budaqlarda yerləşdirilmiş kiçik, həmçinin böyük dairəvi bitki elementlərindən ibarətdir. Simmetrik, bəzən də assimetrik yerləşdirilməsinə və çox sadə ifadə olunmasına baxmayaraq, bu elementlər Qarabağ xalçalarına məxsus olan gözəlliyi, sadəliyi özlərində təcəssüm etdirirlər. Bu kompozisiyada ən çox diqqəti çəkən səkkiz ləçəkli dairəvi formanın rəngidir. Orta sahəni əhatə edən orta haşiyə bu xalçalar üçün səciyyəvi olan haşiyə zolaqlarıdır. Haşiyənin orta sahə ilə proporsionallığı, onların uyğunluğu, həmçinin, tünd rənglərin ahəngdarlığı xalçanın bədii dəyərini artırır.
"Nəlbəki – gül" xalçaları 120–180-dən 200–300 sm-dək olur. Xalı – gəbə komplektinə də rast gəlinir (XIX əsrin IV rübündən bu təsvir üzrə hazırlanan bir ortalıq xalısı və iki yanakı gəbə). Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 37X37-dən 42X42-dək düyün yerləşir (hər kvadrat metrdə 140 000-dən 180 000-dək düyün). Xovun uzunluğu 7–10 mm-dir. "Nəlbəki–gül" ən yaxşı Qarabağ xalçalarından hesab edilir.