Sumax xalçası

Sumax xalçaları — özünəməxsus çətin bir texnika ilə toxunan xalça.

Xalça
Sumax xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Şirvan xalçaçılıq məktəbi
Ölkə Azərbaycan
Bölgə Şirvan
Kənd Şilyan
Toxunması haqqında məlumatlar
Tarixi XIX əsr
Üslubu Şilyan və ya "Pətək"
Digər məlumatlar
Material Yun

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Xovsuz xalçaların son əsrlər geniş yayılmış ən maraqlı növlərindən biri "sumax" xalçalarıdır. Sumax xalçaları — yəqin ki, lap isti havalarda sərin, xovsuz bir xalça kimi ulularımızın rahatlığına yarayıb. Sumax xalçalarının əsas vətəni Şirvan sayılsada sonralar bu xalçalar Urmiyə, Mərənd, Naxçıvan, Cəbrayıl, Laçın bölgələrində də toxunmuşdur. Eyni zamanda Quba və Qusarda da gözəl sumax xalçaları istehsalı olmuşdur. Sumax xalçaları xovlu xalçalardan götürülmüş naxış və kompozisiyalarla bəzədilir.

Zilivərni ilə oxşardır. Lakin burada arğaclar ardıcıl olaraq bir cərgə soldan sağa, bir cərgə isə sağdan sola aparılır. Buna görə də sumax texnikası ilə toxunan naxışlara diqqətlə yaxından baxdıqda onlar saç hörüklərinin formasına bənzəyir. Bundan başqa sumax xalçaları toxunarkən iplərin ucları astara çıxarılıb kəsilmir. Beləliklə, xalçanın astar hissəsi qalın tüklü olur.

"Sumax" xalçaları xovsuz xalçaların digər növləri ilə müqaysidə daha gec icad olunmuşdu. Yarandığı ilkin dövrlərdə "sumax" xalçaları sərbəst kompozisiyaya malik olmasına baxmayaraq, XVIII–XX əsrdə "sumax" xalçalarında Şirvan, Quba, QarabağGəncənin xovsuz xalçalarından götürülən kompozisiya və naxışlar təkrarlanmağa başlayır.

Texniki xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

"Sumax" xalçalarının texniki xüsusiyyəti onların zəngin kompozisiya və rəngə malik olmasındadır. Zəngin və müxtəlif üslüblaşdırılmış bitki motivləri, iri altıüzlü, kvadrat, romb formalı medalyonlar kimi həndəsi elementlər "sumax" xalçalarına bayram təravəti verir. Bu xalçaların ənənəvi naxışı xalq arasında "dolan-qaç" adı kimi tanınan və demək olar ki, bütün "sumax" xalçalarında tətbiq olunan dalğavari rəsmli çox kiçik haşiyədir.

Sumaxlar adətən böyük ölçüdə (2x3 və ya 4 metr) toxunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]