Xırmandalı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]
Xırmandalı | |
---|---|
39°09′43″ şm. e. 48°43′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Lənkəran-Astara iqtisadi rayonu |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 5700 (2009) nəfər |
Milli tərkibi | Azərbaycan türkləri |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 25 21 |
Poçt indeksi | AZ4421[1] |
Bayat tayfasında bir tirənin adı olub.[3]
Yaşayış məntəqəsinin adı türkdilli Xırmandalı tayfasının adı ilə bağlıdır. Mənbələrdə harmandalu/xarmandalu/xərbəndəlu/xudabəndəlu kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Bu tayfanın adına İran və İraq toponimiyasında da rast gəlmək mümkündür. Qubalı Fətəli xan dövründə (1758-1789) xırmandalıların bir hissəsi Cənubi Azərbaycanın Ərdəbil əyalətindən köçüb Quba xanlığının Müşkür və Şabran mahallarına gəlmişlər. Füzuli rayonundakı Mandılı oykonimi də Xırmandalı adının təhrif olunmuş formasıdır.[4]
1873-cü ildə N. K. Zeidlitsin redaktorluğu ilə 1879-cu ildə nəşr olunan «Сборник сведений о Кавказе» dərc olunan məlumatlara görə, Xırmandalı kəndində 69 Həyət və 428 sakin var idi; "tatarlar" - şiələr (şiə azərbaycanlılar). Kənddə məscid var.[5]
1915-ci ilin məlumatına görə, Xırmandalı Lənkəran qəzasının — Bakı quberniyasının 717 sakini olan "tatar" (Azərbaycan) kəndidir.[6]
1 yanvar 1933-cü il tarixinə Azərbaycan SSR Masallı rayonunun Xırmandalı kənd Sovetində 728 nəfər (186 təsərrüfat) yaşayırdı, onlardan 381-i kişi, 347-si qadın idi. Bütün Xırmandalının əhalisi türklərdən (azərbaycanlılardan) ibarət idi — 100%.[7]
Əhalisi 5700 nəfərdir.[8]
Azərbaycan Respublikasının cənub zonasında yerləşən Xırmandalı kəndi Masallı rayonunun şimali-şərq hissəsində yerləşir. Kənd Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Xırmandalı kəndinin iqliminin formalaşmasında Xəzər dənizinin və Talış dağlarının böyük rolu vardır. Xırmandalı kəndinin yayı quraq keçən mülayim -isti iqlimin təsiri altında, qışı isə yumşaq iqlimə malikdir. Cənub -şərqdən və cənubdan daxil olan "Gilavar" qış aylarında havanın mülayimləşməsinə (yumşaq), yayda isə istiliyin və nəmliyin artmasına səbəb olur. Xırmandalı kəndi dəniz səviyyəsindən 10-15 metr aşağıda yerləşir.[mənbə göstərin]
Oruc bəy Bayatın «Relaciones de Don Juan de Persia» kitabında bu tayfanın adı çəkilir və təsvir edilir ki, “Xırmandalı biz markizlərə deyirik.”[9]
Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində-balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanlari olan ərazidə Xırmandalı kəndının əsasını qoyurlar. Kəndin ilk sakinlərindən biri Kələntər Hüseyn olmuşdur. Kənddə təqribən 1860-1917-ci illərdə Bakı milyonçusu D.L. Mayılova məxsus balıq emalı və satışı şırkəti fəaliyyət göstərmişdir. 1918-cı ildə Muğan kəndlərinə hücum edən rus-erməni birləşmələri Xırmandalı kəndində dinc əhaliyə qarşı qırğinlar törətmişdir. 1918-1919-cu ilin avqust ayına kimi Muğan Sovet Respublikası qurulmuşdur. 1974-cü ildə kəndin ərazisindən Azərbaycan Atabəylər dövləti (1136-1225) dövründə zərb edilmiş pul dəfinəsi aşkar edilmişdir.
XX əsrin əvvəllərinə qədər kənddə məktəb olmasa da, savadlı adamları var idi. Kəndin imkanlı adamları oğlan uşaqlarını din xadimlərinin yanına qoyur,fərdi üsulla təhsil almalarına şərait yaradırdilar. Xırmandalı kəndində ilk ibtidai məktəb 1920-ci ildə açılmışdır. Kənd sakin Yadulla Şirin oğlunun evinin 1-ci mərtəbəsində 10 uşaqdan ibarət bir sinif təşkil olunmuşdur. Məktəbdə ilk müəllim Astara rayonunun Pensər kəndindən gəlmiş Baldadaş Dadaşov olmuşdur. 1923-cü ildə isə Xırmandalı kəndındə yeni məktəb təşkil olunmuşdur. Məktəb binası kimi kəndin xeyırxah adamlarından olan Abuzər Məşədi Abbas oğlunun (1879-1929) evindən istifadə olunmuşdur. Bu ibtidai məktəb 1930-cu ildə 7 illik, 1950-ci ildə orta məktəbə çevrilmişdir. 1975-ci ildə yeni tipli orta məktəb binası tikilib istifadəyə verilmişdir. Həmçinin bu kəndin xeyirxahlarından biri də Böyük Vətən müharibəsinin aktiv iştirakçısı ziyalı və alicənab Fərzəliyev Abı Şahverdi oğlu olmuşdur. Fərzəliyev Abı Xırmandalı, Hacıtəpə və Ərəb kəndlərinin keçmiş selpo müdiri və kolxoz sədri olmuşdur. O dövrdə o kəndin təsərrüfatını rayonda qabaqcıllar səviyyəsinə gətirmişdir.
Pedoqoji elmlər namizədi Əsgər Zahidov, yazıçı-jurnalist Nurəddin Ədiloğlu (Muğanlı), filologiya elmləri doktoru Füzuli Bayat, kimya elmləri namizədi Rakif Qasımov, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov, kimya elmlər namizədi Ağaşirin Quliyev, şair Arif Fərzəli və bəzi Xırmandalının tanınmış ziyalılarındandır.
Bakıda neçə-neçə yaraşıqlı bınaların tikintisinə rəhbərlik etmiş Sosialist Əməyi Qəhrəmanı, Əməkdar İnşaatçı Hacı Mir Məhəmməd Hüseynov Xırmandalı kəndində anadan olmuşdur.
Kənddə Xırmandalı Ərazi nümayəndəliyinin binası, Xırmandalı Bələdiyyəsi binası, 2 məscid, 2 orta məktəb, Tibb məntəqəsi, Poçt, ATS, Mədəniyyət evi, Kitabxana binası, Muzey fəaliyyət göstərir.[mənbə göstərin]
Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |