Yelmar Şərifov
Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi.
== Həyatı ==
Yelmar Fərhad bəy oğlu Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Onun atası Fərhad bəy Xurşud bəy oğlu, anası Ildız xanım Qasım bəy qızı soy-kök etibarilə Seyidli oymağının Şərifli soyundandırlar. Yelmar Şərifovun Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan dayıları İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Fərhad bəy də əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. 1931-ci ildə Seyidlidə vəfat etmişdir.Yelmar Şərifovun anası Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur.Yelmar Şərifov Ağdam şəhər məktəbində təhsil almış, 1931-ci ilə kimi Ağdamda pedaqoji fəaliyyət göstərmişdir.