1. Məşəqqət, əzab, cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək.
– Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni də salır qüvvətdən; Həyat qurtarmadı bu əziyyətdən.
// Ağrı, ağrı-acı. Yaranın əziyyəti.
□ Əziyyət çəkdirmək – əziyyətə məruz etmək, əziyyət, əzab çəkməsinə səbəb olmaq, əziyyət vermək, məşəqqət çəkdirmək.
Çəkdirir çox bizə əziyyətlər; Həm verir xeyli-xeyli zəhmətlər.
Əziyyət çəkmək – əzab çəkmək, məşəqqət çəkmək, ağrı-acı çəkmək. Xəstəlikdən çox əziyyət çəkmişdir. Yazıq baş ağrısından çox əziyyət çəkir.
– Deyir: – Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük.
Əziyyət olmaq – əziyyətə, məşəqqətə, zəhmətə, çətinliyə, qayğıya səbəb olmaq. Qorxuram, sizə əziyyət ola.
– [Mozalan bəy:] Oyundan camaata çox əziyyət olur.
Əziyyət vermək (etmək, eləmək) – incitmək, çox narahat etmək. Diş ağrısı çox əziyyət verir. Yara əziyyət edir.
– Çox əziyyət verib çovğun, yağmur, bad; Xatirə gəlməyib nə düşmən, nə yad.
Verməmişəm mən ki xəsarət sənə; Sən də dəxi vermə əziyyət mənə.
Əziyyətə salmaq – narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq. Əziyyətə saldığım üçün üzr istəyirəm.
– [Böyükxanım:] Bu elm sizi narahat etməz, bir az da atanız kimi əziyyətə salar.
Əziyyəti dəymək (toxunmaq) – zərəri olmaq, zərər vermək, ziyanı olmaq. Adamlara əziyyəti dəymək. Çovğunun camaata çox əziyyəti dəydi.
Əziyyəti olmaq – əziyyət vermək, incitmək.
Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub.
2. Ağır zəhmət, ağır iş, zəhmətli və çətin iş.
Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir.
[Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən?
Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb, çox zəlalətlərə düçar olduğuna işarə verirdi.
□ Əziyyət çəkmək – zəhmət çəkmək, çox işləmək, zəhmətli işlə məşğul olmaq. Bağ salmaq üçün əziyyət çəkmək lazımdır.