Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü.
Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib.
1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.
2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.
1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.