Şahin İsmayilov
İsmayılov Şahin Əmir oğlu (Keşişkənd, Qərbi Azərbaycan) — Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırış deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini (2019 — indiyədək), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sabiq sədri (2009–2018), Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sabiq üzvü (2012–2021), Azərbaycan Gənclər Fondunun Müşahidə Şurasının sabiq üzvü (2013–2016).
Şahin İsmayılov 7 fevral 1986-cı ildə anadan olmuşdur. İctimai fəaliyyətə orta məktəbin yuxarı sinif şagirdi olarkən başlamışdır. 2002–2004-cü illərdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 84 saylı orta məktəbin Şagird Komitəsinin sədri kimi çalışmış, 2004–2008-ci illərdə Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində fransaşünaslıq ixtisası üzrə bakalavr, 2008–2010-cu illərdə həmin ixtisas üzrə magistr təhsili almışdır. Hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqramına qəbul olmuşdur. Hal-hazırda həmin proqram üzrə təhsil alır.
İngilis, Rus, Fransız, Alman dillərini bilir.
Ailəlidir, iki övladı var.
Şahin İsmayılov 2006–2009-cu illərdə İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin Bakı Konfransı, Azərbaycan Respublikası Prezident seçkiləri, Güləş üzrə dünya çempionatında tərcüməçi, Gənclərin IV Məşğulluq Sammiti, Qılıncoynatma və Boks üzrə gənclər və yeniyetmələr arasında keçirilən dünya çempionatlarında təşkilat komitəsinin üzvü kimi çıxış etmişdir.