Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri.
== Həyatı ==
9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir.
Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır.
Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir.
O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.