Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti — Azərbaycan Respublikasının dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılmışdır. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, İnternet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir.
== Tarixi ==
İlk olaraq 1994-cü il 01 oktyabr tarixində Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış, 16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə "İ.Ə.Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" qərar qəbul etmişdir.
== Fəaliyyət ==
Kiber Təhlükəsizlik — Dövlət orqanlarında baş vermiş kompüter insidentlərinin koordinasiyası və kiber təhlükəsizlik məsələlərini Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi həyata keçirir.
Xüsusi Rabitə — Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq dövlət orqanlarını Xüsusi Rabitə ilə fasiləsiz və təhlükəsiz olaraq təmin edir.
AzStateNet Şəbəkəsi — AzStateNet (Azerbaijan State Network) şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin seqmentidir. AzStateNet Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərinin cəmidir.