Qasım Amanjolov
XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər.
Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu.
XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı.