Elmira Axundova (siyasətçi)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023).Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən)
Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).