Pro bono
Pro bono publico (lat. ictimaiyyətin xeyrinə; cəmiyyətin faydalanması üçün) — könüllü və ödənişsiz həyata keçirilən peşə fəaliyyəti. Bu latın ifadəsi hüquqda "pulsuz hüquqi yardım"ı ifadə etmək üçün tətbiq olunur. Könüllü fəaliyyətdən fərqli olaraq, pro bono peşəkar şəxslər tərəfindən, maddi vəziyyəti imkan vermədiyinə görə onların xidmətlərindən istifadə edə bilməyən insanlara xidmət göstərilməsini nəzərdə tutur.
Birləşmiş Krallıqda istifadə edilən pro bono publico ifadəsi həm də səhmlərdən gələn gəlirlərdən çox "ictimai rifah" naminə mövcud olan Milli Səhiyyə Xidməti kimi iri təşkilatların və müxtəlif QHT-lərin təşəbbüsünü ifadə etmək üçün istifadə edilir.
Açıq-aşkar başqa cür müəyyən edilmədiyi təqdirdə Vikipediyada istifadəçilərin redaktə fəaliyyəti pro bono hesab olunur.
Pro bono hüquqşünaslar fərdlərə və ya bir qrup şəxslərə hüquqi məsələ üzrə dövlət orqanlarına ərizə və ya şikayətlər verməklə kömək edə bilərlər. Nadir hallarda hakimlər uduzmuş tərəfin digər tərəfə pro bono hüquqşünasın xidmətlərinə görə kompensasiya ödəməsini müəyyən edə bilər.
Cənubi Koreyada vəkillərdən hər il ən az 30 saat (yerli vəkil bürolarında bu müddət 20 saatadək azaldıla bilər) pro bono fəaliyyət göstərmələri tələb olunur. Bu tələbi əsaslı surətdə yerinə yetirməyənlər bunun əvəzində hər saat üçün 20,000–30,000 ₩ (17-26 ABŞ dolları) ödəyə bilərlər.